Modern.az

Tək övladlara güzəşt verməkdənsə, orduda say azaldılmalıdır - DEPUTAT

Tək övladlara güzəşt verməkdənsə, orduda say azaldılmalıdır - DEPUTAT

15 Yanvar 2013, 14:49

 

Milli Ordunun Daşkəsəndəki “N” saylı hərbi hissəsində üç ayın əsgəri Ceyhun Qubadovun müəmmalı şəkildə ölümü cəmiyyətdə böyük səs-küyə səbəb olub. Onun ölümü ölkədə yenidən ailənin tək övladının hərbi xidmətdən azad olunması məsələsini gündəmə gəldi. Bir qrup millət vəkili də bu təşəbbüslə çıxış edərək təklif səsləndiriblər ki, ailənin tək övladı hərbi xidmətdən azad olunsun.

Modern.az məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev və Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun mövqelərini öyrənib.

Millət vəkili Rövşən Rzayev bir qrup deputatın ailənin tək övladı olan gənclərin hərbi xidmətdən azad olunması ilə bağlı komitəyə müraciət etməsi barədə məlumatsızdır. Deputat tək övladların əsgərlikdən azad olunması məsələsi ilə bağlı öz fikirlərini bölüşüb:

“Mən istəyərdim ki, ailənin tək övladı olan gənclər əsgərlikdə digər formada qulluq etsin. “Alternativ xidmət haqqında” Qanun layihəsinin Milli Məclisə təqdim olunmasının tərəfdarıyam. Hələlik bu qanun layihəsinin üzərində işləyirlər. Amma hələ ortalıqda nəsə yoxdur. Düzdür, mən bu məsələ ilə məşğul deyiləm, lakin məndə olan məlumata görə bu qanun layihəsinin üzərində işləyirlər”.

Millət vəkili Zahir Oruc “Alternativ xidmət haqqında” qanun layihəsi ilə bağlı bildirib ki, bununla bağlı nəsə demək doğru deyil. Çünki komitələrin fəaliyyəti bu gündən başlayıb. Belə olduğu təqdirdə də, parlamentin yaz sessiyasının gündəliyinə hansı məsələlər təklif olunacaqsa, onlar cəmiyyətə təqdim ediləcək.
Z.Oruc tək övladların hərbi xidmətdən azad olunması məsələsinin aktuallıq kəsb etməsi, bir neçə millət vəkilinin və medianın, eləcə də sosial şəbəkədə problemin müzakirəsi yenidən bu mövzunu meydana çıxarıb:
“2008-ci ildə dəyişdirilmiş hərbi xidmətlə bağlı qanuna yenidən baxılması zərurəti ortaya qoyulur. Ancaq mən parlamentin üzvü kimi bu dövr ərzində prosesin içərisində olan adam olaraq, düşünürəm ki, buna bir-birinə zidd olan sualların toplusunda baxmaq lazımdır. 2008-ci ilə qədər ailə vəziyyətinə görə, vətəndaşın xidmətdən müəyyən dövr üçün azad olunması praktikasını mövcud idi. O zamanlar da komissarlıq müəyyən təşəbbüslə çıxış elədi ki, 90-ci illərdə yaranan gerçəklik ondan ibarətdir ki, əksər ailələrdə təkövladlılıq mövcüddur. Və bunların sayı minlərlədir. İkinci bir tərəfdən əgər təkövladlılıq üçün möhlət hüququ verilirsə, onda sanki vətəndaşlar arasında qeyri-bərabərsizlik yaranır. 3 oğul böyüdən ata və ana müxtəlif sosial, ictimai və s. kimi problemləri daşıyaraq, onların böyüdülməsində çox böyük əziyyətlər çəkərək vətənə və dövlətə yaralı insan yetişdirir. Amma onun övladlarının 3 qardaş olması bir övladı olandan aşağı bir vəziyyət yaradır. Sanki dövlət və millətin yükü onların çiynindədir. Bununla da dövlət təkövladlılığa təşviq edir. Belədə hamı gələcəkdə ailə institutunu bir övladın üstündə qurmağa çalışacaq. Düşünəcək ki, neyləyirəm ikinci övladı... Bu problemlər var. Yəni əhalinin artımına, milli demoqrafik məsələlərə bu təsir edəcək”.

Z. Oruc bildirib ki, bu məsələdə digər bir məqam da özünü göstərir. “Tək övlad müharibə şəraitində həyatını itirirsə, onun ailəsinin durumunu göz önünə gətirməliyik. Bu da ondan ibarətdir ki, sanki onun geni, varisliyi tamamilə məhv olur, şəcərəsi bağlanır. Bu da dözülməzdir. Beləliklə, sanki iki üz-üzə dayanan suallar var. Ailələrin mənafeləri və hərbi xidmət mükəlləfiyyəti məsələsi, dövlətin ordusunun komplektləşməsi, formalaşması, sıra sayında problemin yaranmaması”, – deyə millət vəkili vurğulayıb.

Deputat qeyd edib ki, parlamentin yaz sessiyasında kimsə bunları təklif edəcəksə, geniş müzakirə olunmalıdır.
“Bura Silahlı Qüvvələr cəlb olunmalıdır. Ölkənin statistik qurumları da iştirak eləməlidir. Biz bilməliyik ki, bunların sayı nə qədərdir. Bundan başqa, ümumiyyətlə vətəndaş hərbi xidmətdə həyatını niyə itirməlidir ki, qeyri-döyüş şəraitində ki, biz düşünək ki, bunun bir və ya çox övlad olması bu qədər önəm daşısın”.

Zahir Oruc təkliflə də çıxış edib. O bildirib ki, ordu sayında azalma olmalıdır: “Bütün bunlardan irəli gedərək, ən fundamental, ən mühüm təklifimi səsləndirmək istəyirəm. Ümumiyyətlə, Cənubi Qafqazda nə qədər ordu sayı optimaldır? Yəni 100 mindən artıq bir kontingentin, böyük sosial və iqtisadi ağırlığını, həm də bu cür problemləri daşımaq bir dövlət üçün asandır? Bəlkə burada həddən artıq mühafizəkar olan Rusiyanın, Gürcüstanın və postsovet ölkələrinin getdiyi yola baxaraq, Avropadakı qabaqcıl modelləri biz tətbiq eləməliyik. Yəni peşəkar ordu quruculuğuna keçilməlidir. Mən hesab edirəm ki, ordu sayında azalma baş verməlidir. Bu qətiyyən bizim gücümüzə təsir göstərməyəcək. Dünyanın getdiyi yol bizə diktə edir ki, həssaslıq, hesablılıq, ünvanlılıq, ayrılan vəsaitin əsgərə çatması, zabitin sosial həyatı, onun mənzil şəraitinin ən yüksək qurulduğu ölkələr və ordular güclüdür. Ona görə biz onları tətbiq etməliyik. Problemin başqa bir vasitəylə üzərinə getməkdənsə, bu gün sadəcə möhlət üzərində düşünməyə başlamışıq. Bu isə sovet yanaşması olacaq. Və əksinə açıq söyləyim ki, praktikada da çox pis işləyən bir qanuna çevriləcək. Ağır nəticələr əldə olunacaq”.

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!