Azərbaycan Dövlət Pedaqoji Universitetində əla qiymət almaq istəyən tələbə eyni fəndən iki dəfə imtahan verməli olur. Belə ki, kompüter imtahanında yüksək bal toplayan tələbə “4 və 5” qiymətləri almaq üçün ikinci dəfə həmin imtahanı yazılı surətdə verir. Təbii ki, bu da imtahanqabağı stress yaşayan tələbələrin imtahan yükünü daha da artırır. Tələbələr də etiraz edərək bildirirlər ki, əla qiymət üçün iki imtahan verməyə ehtiyac yoxdur.
Modern.az-a açıqlamasında Pedaqoji Universitetin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, 2011-2012-ci tədris ilinin yaz imtahan sessiyasından başlayaraq, imtahanların yeni bir metod tətbiq edilməklə, iki mərhələdən keçirilməsinə başlanılıb:
“Pedaqoji Universitetin Elmi Şurasının müvafiq qərarı əsasında “yaxşı” və “əla” qiymət almaq istəyən tələbələr elektron test üsulu ilə kompüter vasitəsilə imtahan verdikdən sonra, kompüterin müvafiq düyməsini basmaqla elə həmin gün eyni fəndən yazılı imtahanlara buraxılmaq imkanı əldə edirlər. Yeni metodun tətbiq edilməsində əsas məqsəd tələbə gəncləri əzbərçilikdən uzaqlaşdırmaq, imtahanlara daha ciddi hazırlaşmağa sövq etmək və eyni zamanda tələbə gənclərdə fikrini yazılı şəkildə ifadə etmək bacarığını formalaşdırmaqdır”.
Nihadə Eyyubova