Bakı şəhəri ətrafında tikilmiş qəsəbələr hesabına, yaxın aylarda Bakı Dövlət Universitetinin, o cümlədən Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək.
Modern.az-ın məlumatına görə, bu sözləri yanvarın 15-də keçirilən Nazirlər Kabinetinin iclasında Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə.Həsənovun sözlərinə görə, 2012-ci ildə hər bir nəfər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1040 manat vəsait sərf olunub. Məcburi köçkünlərə verilən aylıq yemək xərci müavinəti 16 manat 50 qəpiyə çatdırılıb.
Komitə sədri bildirib ki, qarşıdakı illərdə Dövlət Neft Fondundan ayrılacaq 300 milyon manat vəsait hesabına 3941 ailə və ya 20 min nəfər məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə salınacaq.
“Bakı şəhərindəki yataqxanalardan 90 min nəfər məcburi köçkünün müvəqqəti məskunlaşdırılması və müəyyən iş yerlərinin yaradılması üçün yeni yaşayış massivinin salınması məqsədi ilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisində 380 hektar torpaq sahəsi ayrılmış, əlavə olaraq 120 hektar torpaq sahəsinin ayrılması sənədləşdirilir...
... Hazırda Qobu şəhər məcburi köçkün yaşayış massivinin layihələndirilməsi və onun idarəetmə strukturunun yaradılması üzrə müvafiq işlər görülür.
Bakı şəhərinin digər obyektlərində - hərbi hissələrdə, məktəb, bağça, sanatoriya, pansionat, tikintisi yarımçıq qalmış binalarda, zəbt olunmuş mənzillərdə yaşayan 110 min məcburi köçkünün müvəqqəti məskunlaşdırılması üçün əlavə 500 hektar torpaq sahəsinin ayrılmasına ehtiyac vardır”.
Əli Həsənovun sözlərinə görə, 2013-cü ildə vasitəçilər tərəfindən Qarabağ münaqişəsinin həlli ilə bağlı daha konkret təkliflər verilməli və işğalçı məcbur edilməlidir ki, işğal edilmiş torpaqlardan tezliklə çıxsın. “Ümid edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT, digər dövlət və beynəlxalq təşkilatlar ədalətsiz yanaşmadan, nəhayət əl çəkəcəklər”.
Modern.az