Son vaxtlar kurikulum sisteminə keçidlə bağlı müəllimlərin yazı yükü də artıb. Onlar deyir ki, bu sənədlərə sərf olunan vaxt səbəbindən şagirdlərə dərsin izahı ilə bağlı kifayət qədər vaxtları qalmır. Bəzən valideynlər də tədrisin təşkilindən narazı olduqlarını bildirirlər. Elə müəllimlər özləri də bu haldan şikayətçidirlər. Müəllimlər vaxtlarının çox hissəsini sinif jurnalı, formativ, gündəlik, perspektiv planlaşdırma, elektron jurnal, şəxsi iş, elektron hesabata sərf etdiklərini bildirirlər. Onların sözlərinə görə, bu qədər əlavə işlərə sərf etdikləri zaman onlara dərsə hazırlaşmağa, şagirdlərlə məşğul olmağa imkan vermir.
Nazirliyin mətbuat katibi Cəsarət Valehov Modern.az-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi son ildə müəllimlərin yazı yükünü azaldıb:
“Hazırda müəllimlərin bununla bağlı narazılıqları əsassızdır. Bizim əsas tələbimiz dərsin keyfiyyətinin yüksəlməsi və öyrənmənin baş verməsidir".
Təhsil eksperti Kamran Əsədov isə Modern.az-a bildirib ki, bəzi ölkələrdə yazı işlərinin çoxluğu səbəbindən müəllimlərə əlavə vəsait ödənilir:
“Təəssüf ki, bu gün müəllimlərə çox sənəd yazdırılır. Bunlar jurnalların yazılması, formativ və summativ diaqnostik imtahanların keçirilməsi, elektron jurnal və gündəlik iş planıdır. Bu yazı işləri kifayət qədər vaxt itkisidir. Düşünürəm ki, bu sənədlərin olması normaldır. Həmin sənədləşmələrin həyata keçirilməsi üçün müəllimlərə köməkçi lazımdır. Kurikulum tədris edən ölkələrdə köməkçi müəllimlər olur. Sistem formalaşdırılıb ki, köməkçi müəllimlər mövcud jurnalların yazılmağında texniki, yardımçı işlər görsün, sinif müəllimi isə bütün diqqətini tədrisin təşkilinə ayırsın”.
Ekspert qeyd edib ki bu gün ölkədə real olaraq müəllimlərin dərs keçməyə vaxtı yoxdur:
“Rəqəmlərə əsasən Bakı şəhərində 28 min uşaq 1-ci sinfə gedir, hər sinfə 27-dən çox şagird düşür. İndi bu müəllim sənədmi yazsın yoxsa, o boyda uşağa dərs keçməyə çalışsın? Nəticədə müəllim tədrisə vaxt ayıra bilmir, bu zaman isə şagirdlər məcburiyyətdən repetitora müraciət edir. Bu yazılan sənədlər hüquqi aktlar olduğu üçüb dəyişə bilmərik. Ancaq köməkçi müəllim və ya tyotor sistemi yaradılarsa, müəllimlərin işinə kifayət qədər kömək olmuş olar. Müəllim də dərs vaxtını uşaqların bilik və bacarıqlarının formalaşmasına həsr edər”.