Modern.az

Yoluxma səngisə də, ölüm niyə azalmır?

Yoluxma səngisə də, ölüm niyə azalmır?

Aktual

22 Fevral 2022, 15:10

Son günlər Azərbaycanda koronavirusa yoluxma halları səngisə də, ölüm sayında azalma müşahidə edilmir.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, ötən gün ölkə üzrə koronavirusa 1038 yeni yoluxma faktı qeydə alınıb, 3324 nəfər xəstəlikdən sağalıb, daha 26 pasiyent isə dünyasını dəyişib.

 

Ümumilikdə isə Azərbaycanda indiyədək 775 432 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 737 710 nəfər müalicə olunaraq sağalıb, 9 261 nəfər vəfat edib, aktiv xəstə sayı 28 461 nəfərdir.

 

Statistikadan göründüyü kimi, ölkə üzrə koronavirusa yoluxma sayı azalsa da, neçə gündür ki, ölüm halı 20-dən aşağı düşmür. Bu isə təbii olaraq sual doğurur: ölüm sayı niyə azalmır, buna səbəb nədir?

 

 

Həkim-infeksionist Nicat Əzimli Modern.az-a açıqlamasında yoluxma ilə ölüm dinamikası arasında intervalın olduğunu deyib:

 

"Koronavirusa yoluxma saylarının dinamikası ilə ölüm hallarının dinamikası arasında zaman intervalı olur. Bu onunla izah olunur ki, COVID-dən ağırlaşmalar ən çox hallarda yoluxmadan 8-12 gün sonra, ölüm halları da 2-ci həftədən sonra baş verir. Nəticədə 2 həftə öncə qeydə alınmış yüksək yoluxma göstəriciləri bu gün səngisə də, ağırlaşma hallarının göstəricisi hələ də yüksək olaraq qalır".

 

 

Həkim-infeksionist Nəzrin Mustafayeva isə qeyd edib ki, bir müddət əvvəl yüksək olan yoluxmaların indiki ölüm sayına təsiri var:

 

“İstər yoluxmaya, istərsə də ölümə səbəb olan faktorlar fərqlidir. Uzunmüddətli müşahidələrdə artıb-azalmaları görmək mümkündür. Məsələn, bir müddət yoluxma sayı çox yüksək olduqdan sonra müvafiq olaraq ölüm hallarında da say dəyişikliyi ola bilər. Amma qısa müddət ərzində bunların bir-birindən asıılı olaraq artıb-azalmasını demək doğru hesab olunmur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi