Modern.az

Məktəb müəllim-şagird-valideyn üçbucağında

Məktəb müəllim-şagird-valideyn üçbucağında

22 Fevral 2022, 18:04

Fevralın 18-də Təhsil Nazirliyi yanında İctimai Şuranın və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə müzakirələr çərçivəsində növbəti müzakirə təşkil olunub.

 

Modern.az xəbər verir ki, “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusunda təşkil edilən müzakirələrə təhsil naziri Emin Əmrullayev də qatılıb və o, təhsil sistemində mövcud reallığa ictimai baxışın bəzi məqamlarına diqqət çəkib.

 

Məktəbdə problemləri göstərməklə yanaşı, həlli yoluyla bağlı təkliflər də olsun

 

Valideyn-məktəb tərəfdaşlığında birinci məsələ məktəb idarəetməsidir. Ümumtəhsil, o cümlədən məktəbəqədər və peşə təhsil müəssisələri də daxil olmaqla, ölkədə 7000-ə qədər təhsil müəssisəsi var və bu müəssisələrdən birində baş verən hər hansı hal cəmiyyətdə böyük rezonans yaradır. Həmin hadisənin, o cümlədən bunun kimi başqa hadisələrin ortaya çıxması və günlərlə müzakirəsindən görünən odur ki, bütün vaxtımızı, gücümüzü problemlərin müəyyənləşməsinə sərf edirik. Ancaq bu, prosesin, sadəcə ilk mərhələsidir və yalız bundan danışmaqla problemin həllini unuduruq. Nazir Emin Əmrullayev təklif edib ki, problemləri göstərməklə yanaşı, yaxşı olar ki, problemin həlli yoluyla bağlı təkliflər də olsun.

 

Məsuliyyəti bölüşək: Məktəb kimindir?

 

Problem varsa, onun bir həlli yolu da var. Bu həll isə hər kəsin öz məsuliyyətini müəyyənləşdirməsindən başlayır. Təhsil naziri hesab edir ki, “Məktəb kimindir?” – sualının cavabı əsas məsələdir: “Çünki məktəblər yalnız Təhsil Nazirliyinin deyil, həm də müəllimlərin, şagirdlərin, valideynlərindir. Azərbaycan məktəbi Azərbaycan ictimaiyyətinin, Azərbaycan dövlətinin, ən önəmlisi, şagirdlərindir. Çünki məktəbin əsas mahiyyəti, mənası orada oxuyan uşaqlardır”.

 

Təhsil Nazirliyi də siyasətinin mərkəzinə məhz uşaqları qoyur: “Təhsil siyasətimizin mərkəzində uşaqlar durmalıdır, nəinki hansısa daha kiçik məsələlər. Bu gün əminliklə deyə bilərik ki, məktəblərdə baş verən, öz-özlüyündə vacib olan istənilən məsələ uşaqların maraqlarından kiçikdir. İctimai maraqlar baxımından şagirdlərə yönəlik siyasət həyata keçirmək bizim üçün vacibdir”.

 

Yaxşı məktəb hansıdır?

 

Uşaqların maraqları isə məktəbdə onlar üçün münbit şərait yaratmağı tələb edir. Bunun üçün məktəbin daha səmərəli idarə olunması, təlim-tərbiyənin daha yaxşı təşkil olunması qarşısına qoyduğu məqsədlərə nail olan məktəb yaratmaq üçün çox önəmlidir. Ona görə də Təhsil Nazirliyində məktəb rəhbərlərinin seçiminə önəm verilir: “Məktəb direktorlarının davranışı işimizin 50-60 faizidir. Ona görə də çalışırıq ki, direktorları müsabiqə əsasında götürək, uyğun olanları seçək. Bu istiqamətdə islahatlarımız davam edəcək”.

 

Bəs, ictimaiyyətin nəzərində yaxşı məktəb hansıdır?

 

Təhsil naziri məktəbdən gözləntilərə aydınlıq gətirib: “Məktəb indiqatoru şagirdlərinin topladığı bal deyil, yetişdirdiyi keyfiyyətli, ölkənin inkişafına töhfə verən insanlardir”.

 

Belə insanları yetişdirəcək məktəb necə olmalıdır? Məktəbdən gözləntilər və məktəbə sahiblənmə, yaxud pay bölgüsü necə olmalıdır? Nazir bu suala da cavab axtarıb: “Bir ekstremal model budur ki, məktəb yalnız Təhsil Nazirliyinindir, bütün məsələlərə görə o, məsuliyyət daşıyır. Təhsil Nazirliyinin məsuliyyəti ölkə qanunvericiliyi ilə müəyyən olunub və bu çərçivədə məsuliyyətimizi danmırıq. Amma gəlin görək, uşaqların böyüməsi, gələcək nəslin yetişməsi üçün bizdən başqa, məsuliyyətli insan varmı?”

 

Hədəfə gedən yolda hər kəsin məsuliyyətini müəyyənləşdirmək cəmiyyətin öz boynuna düşür. Nazir hesab edir ki, müzakirə olunması vacib məsələlərdən biri məhz ictimai məsuliyyətin bölüşdürülməsidir.

 

İctimaiyyətin məktəb idarəetməsində iştirakı: optimal format hansıdır?

 

Məsələn, hansı modellər və formatlar üzərindən ictimaiyyətin məktəb idarəetməsində iştirakçılığını təmin edə bilərik?

 

Sözsüz ki, məsuliyyət varsa, mütləq qaydada ictimai səlahiyyətlər də olmalıdır: “Müşahidələr göstərir ki, ictimaiyyət olaraq hər hansı məsələni mərkəzləşdirib idarə etməyi daha asan və effektiv hesab edirik. Valideyn-məktəb assosiasiyası ilə bağlı müzakirələr də bunu göstərir ki, məsuliyyəti öz üzərimizə götürməkdənsə, hər hansı qurum yaradıb qərarvermə səlahiyyətlərini də ona həvalə etməyə üstünlük veririk”, - deyən təhsil naziri bildirib ki, ictimai iştirakçılığın bir forması olan valideyn-məktəb assosiasiyasını hansı formatda təsəvvür etdiyimiz, hansı modelə üstünlük verəcəyimiz də vacibdir: “Hansı modeli seçirik – mərkəzləşmiş yoxsa qeyri-mərkəzləşmiş model? Qərar verməliyik ki, Valideyn-müəllim assosiasiyası nazirliyin tənzimlədiyi, yoxsa valideynlərin özünün idarə etdiyi bir qurum olmalıdır? Bu çox konseptual sualdır”.

 

Ancaq hər şeydən əvvəl valideyn-məktəb əməkdaşlığının mövcud vəziyyətinin maraqsız tərəflərin təhlilinə ehtiyac var: “Bu təhlillə 15 il bundan əvvəl təklif olunan modelin 2022-ci ildə uyğun olub-olmadığını müəyyənləşdirək. Valideyn-məktəb Assosiasiyasını təkmilləşdirməyə ehtiyac olub-olmadığına qərar verək. Bu, ilk növbədə, müəllim, məktəb və valideyn münasibətlərində VMA-nın göstərdiyi təsirin ölçülməsiylə bağlı tədqiqat işi ola bilər. Üçüncü tərəf belə bir qiymətləndirmə tədqiqatı aparsa, biz daha aydın şəkil görərik və qərar vermək asan olar”.

 

İştirakçılıq nədir və bunu hansı formada təmin etmək olar? - sualının cavabını tapdıqdan sonra da həlli vacib önəmli suallar çıxır: bunu necə etmək olar ki, həm şəffaflıq olsun, həm ictimai maraqlar təmin olunsun, həm də bunu edərkən hansısa maraqlara xidmət edilməsin.

 

Azərbaycanda ictimai nəzarət amilinə böyük diqqət yetirildiyini, bunun  dövlət başçısının da çıxışlarında əhəmiyyətli yer tutduğunu vurğulayan təhsil naziri dövlət siyasətinin bu vacib xəttinə Təhsil nazirliyinin fəaliyyətində diqqət yetirildiyini deyib: “Təhsil Nazirliyi yanında İctimai Şura fəaliyyət göstərir və artıq Nazirliklə İctimai şuranın əməkdaşlıq ənənəsi formalaşıb ki, bu da irəliyə doğru addımdır”.

 

Təhsil naziri İctimai Şuranın bir qədər genişləndirilmiş formatını yaratmağı təklif edib. Müəyyənləşdiriləcək yeni model və formatda müzakirələr davam edə bilər.

 

20-30 il sonrakı reallıq dəyişsin deyə müzakirələrimizin prioriteti dəyişməlidir

 

Prioritetləşmə məsələsini vacib hesab edən təhsil nazirinin fikrincə, müzakirələrimizdə nədən danışdığımız önəmlidir: “Təhsil nazirliyi olaraq bütün mövzuları müzakirə etməyə hazırıq. Polemikadan heç vaxt qaçmamışıq və qaçmayacağıq da. Ancaq cəmiyyətə hansı mövzunu izah etdiyimiz çox vacibdir. Çünki bizim üçün bu, resursdur, zamandır və prioritetdir.

 

Məzmunu yox, daha çox məktəblərin idarəedilməsinin müzakirə olunduğunu vurğulayan E.Əmrullayev bir məqama xüsusi diqqət çəkib: “Nəzərə almalıyıq ki, məktəblərdə ölkəmizin gələcəyi olan uşaqlar, övladlarımız oxuyur. Onların tərbiyəsi və təlimi Azərbaycanın 20-30 il sonrakı reallığıdır. Onlar da masa arxasına əyləşib bu gün bizim burda müzakirə etdiyimiz məsələləri danışacaqlarsa, indiki vəzifələrimizdən asılı olmayaraq, qarşıdakı 20-30 il ərzində yerimizdə saymış olacağıq”.

 

Bunun baş verməməsi üçün isə Təhsil Nazirliyi hər cür əməkdaşlığa hazırdır: “Hesab edirsinizsə ki, Təhsil Nazirliyi problemlərlə tək mübarizə aparmalıdır, buna hazırıq. Ancaq bu mübarizədə bizə dəstəyini təklif edən çıxarsa, əməkdaşlığa da hazırıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama