Modern.az

Bəyannamə regional təhlükəsizliyə müsbət təsir göstərəcək

Bəyannamə regional təhlükəsizliyə müsbət təsir göstərəcək

Parlament

22 Fevral 2022, 21:15

Azərbaycan Prezidentinin Rusiyaya səfəri, dövlətimizin başçısının özünün də qeyd etdiyi kimi tarixi əhəmiyyət daşıyır.


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.


Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamənin 2008-ci ildə imzalandığını xatırladan millət vəkili ötən 14 il ərzində iki ölkə arasındakı münasibətlərin dövlət başçılarının səyləri nəticəsində yüksək səviyyəyə çatdırıldığını bildirib: “İki ölkə arasındakı əməkdaşlığın səviyyəsi qarşılıqlı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılmasını zəruri edirdi. Bu baxımdan, Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni iki dövlət arasındakı etimadlı münasibətlərin obyektiv nəticəsi kimi də dəyərləndirmək olar”.


Azər Kərimlinin sözlərinə görə, Bəyannamə qarşılıqlı faydalı münasibətlərin inkişafına, regional təhlükəsizliyə müsbət təsir göstərəcək, Azərbaycan-Rusiya münasibətlərinin istər iqtisadi, istərsə də siyasi müstəvidə inkişafına böyük töhfə verəcək: “40-dan çox bənddən ibarət olan Bəyannamə dövlətlərarası münasibətlərin bütün istiqamətlərində əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsinə imkan yaradır. Bu isə öz növbəsində iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı investisiyaların təşviqi, hər iki ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən yeni layihələrun həyata keçirilməsi deməkdir. Rusiya nəhəng təbii resurslara, insan kapitalına sahib olan bir ölkədir. Bu amil, şübhəsiz ki, Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən aqrar sahəsinin inkişafına da öz töhfəsini verəcək”.


Azər Kərimli Azərbaycan-Rusiya strateji müttəfiqliyinin Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına müsbət təsir göstərəcəyini, Ermənistanın Rusiya ilə münasibətlər və bu ölkə ilə birgə təmsil oldunduqları təsisatlar üzərindən spekulyasiyalarına da son qoyacağını vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi