Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Bəyannamənin əhəmiyyəti haqqında Modern.az-a danışan deputatlar düşünürlər ki, Rusiya ilə müttəfiqlik əlaqələrinin qurulması yeni çağırışlar kontekstində strateji zərurətə çevrilmişdi.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib ki, hazırda dünyada heç bir ölkə təkbaşına öz milli təhlükəsizliyini təmin edə bilmir:
“Bu, hər şeydən öncə beynəlxalq münasibətlər sisteminin mürəkkəb daxili strukturu və yeni dünya nizamının formalaşmaqda olması ilə bağlıdır. Hər yenilik isə özlüyündə çoxsaylı maneələri dəf etmək və özünü təsdiq etdirə bilmək mərhələsindən keçməyə məhkumdur. Ona görə də çoxqütblü dünya nizamına keçid ağrılı və uzunmüddətli adaptasiya tələb edən bir proses kimi qarşımıza çıxır. Bu uzunmüddətli və gərgin keçid kontekstində milli təhlükəsizliyi təmin etmək olduqca çətin milli vəzifədir. Xüsusilə, tarixən mürəkkəb geostrateji rayon kimi xarakterizə edilən Cənubi Qafqazda bu vəzifənin öhdəsindən gəlmək strateji uzaqgörənlik, qətiyyətli siyasi iradə və mümkün geostrateji gedişləri əvvəlcədən dəqiq proqnozlaşdıraraq qərar qəbulunu tələb edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan 30 ildən sonra öz ərazi bütövlüyünü bərpa edərək, hələ də region ölkələrinin və bütövlükdə dünyanın adaptasiya olunmaqda çətinlik çəkdiyi, yaxud qəbul etmək istəmədiyi yeni reallıqlar yaradıb. Belə olan halda əlbəttə, milli təhlükəsizlik problemləri daha da aktuallıq kəsb etməyə başlayıb. Ona görə də məhz indi, dünyada baş verən qlobal geostrateji zəlzələlər və postsovet məkanının yenidən dizayn edilməsi kontekstində Azərbaycan etibarlı və nüfuzlu müttəfiqlərlə öz milli təhlükəsizliyini təmin etmək çağırışı ilə üzləşib. Birinci mərhələdə Azərbaycan qardaş Türkiyə ilə "Şuşa bəyannaməsi"ni imzalamaqla Qərb istiqamətində bu məsələni etibarlı şəkildə həll edib. Milli təhlükəsizliyin ikinci strateji istiqaməti Şimal yönüdür ki, bu istiqamətdə də qonşu Rusiya Federasiyası ilə müttəfiqlik əlaqələrinin qurulması tarixi zərurətə çevrilib”.
Deputat hesab edir ki, Cənubi Qafqazda Rusiya Federasiyasının iştirakı olmadan sülh və sabitlikdən danışmaq olmaz. Bu bir geostrateji reallıqdır:
“Bu halda yalnız praqmatik və rasional siyasi qərarlar qəbul etməklə uzunmüddətli sülhə nail olmaq olar. Əslində Azərbaycan Cənubi Qafqazın ən böyük və uzunmüddətli münaqişəsinə son qoymaqla sülh və əməkdaşlıq üçün yaxşı perspektivlər yaradıb. Bu prosesdə Rusiyanın oynadığı pozitiv rol da mühüm əhəmiyyət kəsb edib və nəticə etibarilə 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyannamədə sülhün təmin olunması ilə bağlı zəmanətçi funksiyasını üzərinə götürüb .Hazırda isə yeni yaranan qlobal siyasi reallıqlar bu istiqamətdə yeni addımların atılmasını və sülh və təhlükəsizlik üçün yeni siyasi qərarların qəbul edilməsini şərtləndirib. Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya son səfəri və Rusiya ilə müttəfiqlik haqqında bəyannamənin imzalanmasının nəzərdə tutulması da hər iki dövlətin milli maraqları baxımından olduqca aktualdır.
Təqribən 40 maddədən ibarət olan, hərbi-siyasi və sosial-iqtisadi, eyni zamanda humanitar sahələri əhatə edən belə bir mühüm sənədin imzalanması Putinin də dediyi kimi, Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldıracaq. Bəribaşdan bu mühüm mərhələni hərbi-siyasi və geostrateji kontekstə yeni tarixi mərhələ kimi səciyyələndirmək olar. Hər şeydən öncə ona görə ki, bu müttəfiqlik yeni çoxqütblü dünya nizamında Azərbaycanı öz müttəfiqləri ilə birlikdə mümkün güc mərkəzlərindən birinə çevirəcək və regional inteqrasiyanı dərinləşdirməklə uzunmüddətli sülhə gətirib çıxaracaq. Bu isə hazırki mürəkkəb tarixi şəraitdə milli təhlükəsizliyimizi təmin etmənin ən yaxşı yoludur”.
Hikmət Babaoğlu “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də əksini tapan əsas müddəaları aşağıdakı şəkildə qruplaşdırıb:
“Birincisi, bu sənəd bütün hallarda ərazi bütövlüyü, müstəqillik, bərabərhüquqlu tərəfdaşlıq və bu prinsiplərin beynəlxalq hüquq, o cümlədən BMT nizamnaməsi ilə tanınan bütün əsaslarını qarşılıqlı şəkildə qəbul edir.
İkincisi, iqtisadi - sosial və humanitar sahədə əməkdaşlığın daha da dərinləşməsi və inteqrasiyasını təmin etmək üçün əsas yaradır.
Üçüncüsü, hərbi-texniki əməkdaşlıq sahəsini əhatə edir.
Dördüncü blok maddələr Xəzər hövzəsində əməkdaşlığın qarşılıqlı maraqlar əsasında qorunması və bu sahədə imzalanmış sənədlərin yaratdığı öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edir.
Beşinci qrup maddələr yeni reallığın yaranmasında Rusiyanın oynadığı mühüm rolu təsbit etməklə 10 noyabr 2020, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli görüşlərdə razılaşdırılmış müddəaların yerinə gətirilməsinin vacibliyini qeyd edir.
Yeni və müttəfiqlik anlayışının məzmunu baxımından ən əhəmiyyətli məsələlər isə 4, 6, 7 və 11-ci maddələrdə öz əksini tapır ki, bunlar Rusiya-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıran əsas maddələrdir.
Məsələn, 4-cü maddəyə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikasının aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelərdən çıxış etməsi, 6-cı maddəyə görə Rusiya Federasiyası və Azərbaycan Respublikasının "Tərəflərdən birinin fikrincə, sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasını qəbul etməsi, 7-ci maddəyə görə Rusiya Federasiyası və Azərbaycan Respublikasının Tərəflərdən birinin fikrincə, iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməsi məsələsinin qeyd edilməsi, 11-ci maddəyə görə, Rusiya Federasiyası və Azərbaycan Respublikasının öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alması öhdəçiliyi götürməsi qarşılıqlı şəkildə iki dövlətin bir-birinə verdiyi təhlükəsizlik təminatı kimi çıxış edir ki, bu müddəaların hər biri iki dövlət üçün də mühüm əhəmiyyət kəsb edir”.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov xatırladıb ki, Rusiya və Azərbaycan arasında 30 ildir davam edən əməkdaşlıq mövcuddur:
“Bu mərhələdə isə əməkdaşlıq ümumi nəzərdən keçirilərək, gələcək üçün sənəd qəbul olunub. Bizim Rusiya ilə bir çox sahələrdə çox sıx əməkdaşlıqlarımız var və Bəyannamə müttəfiqliyin genişləndirilməsi üçün bir çərçivədir. Sənəddə də qarşılıqlı ərazi bütövlüyünün tanınması, suverenliyin qorunması, müstəqilliyin qəbulu, daxili işlərə qarışmamaq və s. qeyd olunub. Hər bir dövlət öz daxili-xarici siyasətini sərbəst həyata keçirir.
Müqavilə regionda həm Azərbaycanın, həm də Rusiyanın təhlükəsizliyi üçün əhəmiyyətlidir. Rusiyanın Şimali Qafqazda - Çeçenistanda, Dağıstanda başağrısı var idi. Bunun bizim tərəfə keçmək təhlükəsi mövcuddur. Həmçinin, Rusiya ilə Xəzərdə təhlükəsiz fəaliyyətimiz var. Bütün bunlar indi ümumi nəzərdən keçirilir. Bölgədə təhlükəsizliyin təmin olunması Azərbaycansız və Rusiyasız qeyri-mümkündür”.
Rasim Musabəyov Rusiya ilə imzalanan müqaviləni "Şuşa Bəyannaməsi" ilə müqayisə etmədiyini bildirib:
“Türkiyə ilə müttəfiqlik müqaviləsi daha üstündür. Orada hərbi müttəfiqlik məsələsi də öz əksini tapıb. Rusiya ilə bu, sadəcə müzakirə oluna bilər.
Hesab edirəm ki, Azərbaycan Gürcüstanla da bu cür əməkdaşlıq müqaviləsi bağlaya bilər. Ona görə ki, Gürcüstan və Azərbaycan təhlükəsizliyin təmin olunması ilə bağlı qarşılıqlı maraqlıdırlar. Bizim əhəmiyyətli kəmərlərimiz, Avropa ilə əlaqələrimiz Gürcüstandan keçir Gürcüstan üçün də vacibdir ki, Azərbaycan kimi arxası olsun”.