Bu gün Azərbaycanın Xalq artisti, məşhur qoboy ifaçısı Kamil Cəlilov vəfat edib.
Xalq artisti qoboyda "Bayatı-Kürd", "Segah", "Zəminxarə", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Humayun" və ritmik muğamlardan "Qarabağ şikəstəsi"ni ustalıqla ifa edib. Ən böyük arzusu isə Qarabağda “Qarabağ şikəstəsi” çalmaq olub.
Xalq artisti, xanandə Mənsum İbrahimov Modern.az-a deyib ki, Kamil Cəlilov kimi sənətkarların yetişməsi üçün illər lazımdır:
“Musiqimiz üçün böyük itkidir. Kamil Cəlilov unikal bir sənətkar idi. O, qoboyu milliləşdirib, milli bir alət halına salmışdı. O alətdə elə gözəl ifalar edirdi ki, sanki yanında kimsə oxuyurdu. Bəstələri "Qızıl fond"da qalası əsərlərdir. Heç kim onun yolunu davam etdirə bilmədi. Kamil müəllimin öz dəsti-xətti var idi, yüz ifanın içində Kamil Cəlilovun ifası seçilirdi. Biz həmin musiqilərlə tərbiyələnmişik, böyümüşük.
Sənətkarın ölüm xəbərini eşidəndə həqiqətən də sarsıldım. Kamil müəllim kimi musiqiçilər fədakar insanlar olur. Onun bəstələrində maddiyat yox idi.
Kamil Cəlilov Azərbaycanın milli musiqisinə xidmət edən bir sənətkar idi. Qoboy ifaçılığı ilə bağlı təhsil alan gənclərimiz var, ancaq təhsil hər şeyi həll etmir. Kamil müəllim kimi sənətkarların yetişməsi üçün illər lazımdır. Bütün musiqi dünyasına, xalqımıza başsağlığı verirəm. Allah ailəsinə səbr versin. Allah rəhmət eləsin”.