Həyatımızın virtuala daşınması sosial şəbəkələrdə kriminala da geniş imkanlar yaradır. Ən pisi isə internet üzərindən narkotiklərin satışının genişlənməsidir. Bu ölkə daxilindəki acı reallıqlardan biridir.
Narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələr vasitəsi ilə onlayn yolla satılması hallarına tez-tez rast gəlindiyindən bu bəla ilə mübarizədə, həmin şəxslərin ifşa edilməsində vətəndaşların, ümumən sosial şəbəkə istifadəçilərinin, bloggerlərin, youtuberlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin ortaya vətəndaş mövqeyi qoymasına ciddi ehtiyac duyulur.
Kriminalist Mahmud Hacıyev məsələ ilə bağlı Modern.az-a danışarkən bildirib ki, narkotacirlər hansı üsula əl atsalar da ifşa olunacaqlar:
“Narkotacirlər narkotik satmaq üçün asan üsul tapa bilirlərsə, saxlanılmaları üçün də asan yollar tapılır. Onlar özlərini ağıllı hesab edir ki, bir üsul tapmışıq bizi heç kim saxlaya bilməz. Özəlliklə xarici ölkələrdən onlayn şəkildə narkotik alırlar. Bu cür tacirlik yolunu isə elə xarici ölkələrədən öyrəniblər. Ölkəmizdə hüquq-mühafizə orqanları texnologiyanı kifayət qədər mənimsəyib və istifadə edir. Onlayn narkotacirlik etsələr belə, saxlanılırlar. Həm onlayn şəkildə narkotacirliklə məşğul olanların, həm də açıq şəkildə satışla məşğul olanların sayının azalması üçün hüquq-mühafizə orqanları əlindən gələni əsirgəmir”.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa bildirib ki, bu məsələdə cəmiyyətimiz də hüquq-mühafizə orqanlarına kömək etməlidir:
“Onu qeyd edim ki, milli genefondun pisləşməsinə gətirib çıxaran narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə gücləndirilib. “Ağ ölüm"ün ölkə daxilində qarşının alınması üçün hüquq mühafizə orqanları əlindən gələn addımları atır. Narkotacirlər hər il fəqli yollar kəşf edir, ancaq bu addımların qarşısı alınır. Ölkədə müəyyən qruplar, qüvvələr var ki, narkotiki himayə edərək yayılmasını təmin edirlər. Xaricdən də ölkəmizə narkotik ötürülür, bu, hamıya məlumdur. Tək hüquq mühafizə orqanları yox, bütün ölkə narkotacirlərlə mübarizə aparmalıdır. Onların onlayn şəkildə tacirlik etməyi isə saxlanılmaları prosesini dəyişmir, çünki hüquq-mühafizə orqanları ən son texnologiyalar ilə çalışırlar”.