Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Azərbaycan Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov tərəfindən hər iki qurum arasında əməkdaşlıq əlaqələrinin yaradılması ilə bağlı müqavilə imzalanıb.
Ali Neft Məktəbindən Modern.az-a verilən məlumata görə, əməkdaşlığın məqsədi Bakı tələbələrin mədəni səviyyəsinin yüksəldilməsi, onların dünya görüşlərinin genişləndirilməsi və sosial-mədəni tələblərinin ödənilməsidir.
Müqavilə çərçivəsində Bakı Ali Neft Məktəbi mütəmadi olaraq teatrın repertuar cədvəli haqqında əvvəlcədən məlumatlar əldə edəcək və tələbələrin zövqünü formalaşdırmaq üçün onların dünya ədəbiyyatı və Azərbaycan klassiklərinin əsərləri əsasında qoyulmuş tamaşaları kollektiv şəkildə seyr etmələrinə şərait yaradılacaq. Bu zaman dövlətçilik, vətənpərvərlik və qəhrəmanlıq mövzularında qoyulmuş səhnə əsərlərinə baxışların təşkilinə xüsusi önəm veriləcək. Ən azı ayda bir dəfə Ali məktəbin bütün kollektivi bir tamaşaya baxacaq.
Əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər pofessor-müəllim heyəti və tələbə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Modern.az