Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Rusiya Azərbaycanlılarının Mədəni-Milli Muxtariyyəti - “AzerRos”un prezidenti, bugünlərdə Rusiya prezidenti ilə görüşən Söyün Sadıqovun “Novosti Azerbaydjan” agentliyinə verdiyi müsahibədə Azərbaycanla bağlı sərt çıxışına münasibət bildirib. Deputat Modern.az-a açıqlamasında Söyün Sadıqova cavab olaraq bildirib ki, Azərbaycan hansısa “böyük qardaş”ların dəstəklərini heç vaxt qəbul etməyəcək.
“Əslində belə çıxışların Azərbaycanın daxili siyasəti üçün heç bir əhəmiyyəti yoxdur. Nə Moskva, nə də digər böyük dövlətlərin rəsmiləri deyə bilərlər ki, onların dəstəyi ilə tərəfdarları ölkə başçısı seçilir. Azərbaycan xalqı öz müstəqilliyini əldə edib. Azərbaycanın müstəqilliyi xalqımız üçün ən əsas elementlərdən biridir. Köhnə imperiya iddiaları ilə yaşayan qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqı hansısa “böyük qardaş”ların dəstəyini heç vaxt qəbul etməyəcək. Azərbaycan hansısa formada imperiyanın bərpasına yox deyir”, - deyə deputat bildirib.
Qeyd edək ki, bir neçə gün bundan öncə Rusiya prezidenti ilə görüşən Söyün Sadıqov “Novosti Azerbaydjan” agentliyinə müsahibə verib. Müsahibəsində S.Sadıqov bildirib ki, Rusiya prezidenti Vladimir Putin 2003-cü ildə, həmçinin 2008-ci ildə məhz İlham Əliyevin namizədliyini birinci dəstəkləyib.
Anar RÜSTƏMOV