Qarabağ Azadlıq Təşkilatı həbsdə olan Qarabağ partizanı Məmməd Məmmədov, İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, müxalifətçi fəal Nigar Yaqublunun həbsdən azad edilmələri xahişi ilə prezident İlham Əliyevə müraciət edib.
QAT-dan Modern.az-a daxil olan müraciətdə bildirilib:
“20 Yanvar hadisələri hər şeydən öncə erməni-rus işğalına, hərbi müdaxiləsinə qarşı Azərbaycan xalqının birliyinin göstəricisi və nümayişi idi. Həmin günlərdə Azərbaycan dövləti və millətinə qarşı real təhlükə şəraitində hamı birləşmişdi, millətçilər də, dinçilər də, liberallar da bir araya gəlmişdilər. Bu çox vacib birlik nümunəsi idi. Bu gün də işğalçı Ermənistana, onun havadarlarına qarşı milli birliyin əldə olunması çox vacibdir. Biz 20 Yanvar günü ərəfəsində milli birliyin gücləndirilməsi arzusu ilə Sizə müraciət edir, həbsdə olan bəzi şəxslərin milli birlik naminə azadlığa çıxmasına yardımçı olmağınızı xahiş edirik.
Cəmiyyətdə Qarabağ partizanları adı ilə tanınan bir qrup gənc 10 il əvvəl həbs olunmuşdu. Onlar qanunsuz silahlı dəstə yaratmaqda ittiham olunurdular, amma məqsədləri cəbhə xəttini keçərək işğalçı Ermənistan qüvvələrinə qarşı vuruşmaq idi. Onların hamısı artıq cəzalarını çəkib azadlığa çıxıblar, lakin bir nəfər, həbs olunanda 20 yaşı olan Məmməd Məmmədov ömürlük həbs cəzası ilə hələ də həbsdədir. Onun işinə Avropa İnsan Haqları Məhkəməsinin tövsiyyəsi ilə Azərbaycan Respublikası Ali məhkəməsində bu il fevralın 5-də yenidən baxılacaq. O artıq 10 ildir ki, həbsdədir, səhətində problemlər var, ailəsinin bir övladıdır, evdə yalnız xəstə anası var.
Digər müraciətimiz Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovla bağlıdır. Onun sağlamlığında ciddi problemlər, həyatı üçün real təhlükə yaranıb. Hacı Mövsüm cəmiyyətin dini kəsimini təmsil edir, onun həbsdə qalması dindarları, millətimizin birliyinə çalışan insanları narahat edir. Həbsdə onun başına bir iş gələrsə, bu, cəmiyyətimizin, vəhdətimizin xeyirinə olmayacaq. Və nəhayət, gənc müxalifətçi Nigar Yaqublunun hələ də həbsdə qalması ilə bağlı narahatçılığımızı Sizə çatdırırıq. Yol qəzası bədbəxt bir hadisədir, o, bunu qəsdən törətmiyib. Ona görə də o, azadlığa çıxıb cəmiyyət üçün daha çox xeyir verə bilər. Atası Tofiq Yaqublu da könüllü olaraq cəbhəyə gedib rəşadətlə vurşmuş Qarabağ döyüşçüsüdür. Onun erməni işğalçılarına qarşı müharibədə xidmətləri də nəzərə alınmalıdır. Biz Azərbaycan millətinin erməni işğalçılarına, onların havadarlarına qarşı birliyinin gücləndirilməsi naminə Sizə müraciət etdik. Bu şəxslər cəmiyyətin müxtəlif kəsimlərini təmsil edir və onların barəsində atılacaq hər hansı xeyirxah addım bütövlükdə cəmiyyətin ümumi amallarımız naminə birləşməsinə xidmət edəcəkdir. Biz bu şəxslərin azadlığa çıxması üçün yardımçı olacağınıza inanır və əvvəlcədən təşəkkürümüzü bildirirk”.