Azərbaycan Ziyalılar Forumunun həmtəsisçsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov “Amerikanın Səsi”nə müsahibəsində Vergilər Nazirliyində açılmış cinayət işi, yeni yaradılmış hərəkat, prezident seçkiləri, hakimiyyətin təzyiqləri və islahatların modelindən danışıb.
Modern.az-ın məlumatına görə, o, prezidentliyə vahid namizəd məsələsinə münasibət bildirib, “Siz vahid namizəd ola bilərsinizmi” sualına R.İbrahimbəyov “yox” cavabını verib.
“...Mənim 73 yaşım var. Çalışmışam həyatımı elə keçirim ki, camaatın qarşısına açıq üzlə çıxa bilim. Bu yolla da gedəcəm...
...Susmayacam, davam edəcəm. Bunun da səbəbi mənim taleyim deyil. Məsələ ondadır ki, ölkədə vəziyyət çox gərgindir. Dəyişikliklər olmasa, bu, partlayışa gətirəcək...” – deyə R.İbrahimbəyov vurğulayıb.
Rüstəm İbrahimbəyov deyib ki, onların təşəbbüsüylə Azərbaycanda yeni hərəkat yaranır.
“Vahid namizəd vacibdir, amma vahid proqram ondan da vacidbdir..
...Bizim təşəbbüsümüzlə Azərbaycanda yeni hərəkat yaranır. Onun adını şərti olaraq “Üçüncü qüvvə” qoyuruq..”.
Kinodramaturqun sözlərinə görə, çalışacaqlar ki, Milli Şura kimi yeni bir orqan yaradalar və orada bütün demokratik, proqressiv qüvvələri yığalar.
“Bu, müxalifət partiyalarının, QHT-lərin, görkəmli ziyalıların təmsil olunduğu 50 nəfərlik Milli Şura olacaq. Şura prezidentliyə vahid namizədi müəyyən edəcək. Belə fikir var ki, irəli sürülən vahid namizəd uzun müddətli president olmasın, keçid dövrününü prezidenti olsun. Bu bir-iki illik keçid dövründəkı ölkədə mühüm islahatlar aparılmalı, yeni parlament seçilməlidir. Bundan sonra yenidən dünya səviyyəsində demokratik prezident seçkiləri keçirilməlidir. Keçid dövrünün prezidenti yenidən namizədliyini irəli sürməməlidir...
…Bu, müxalifət partiyalarının, QHT-lərin, görkəmli ziyalıların təmsil olunduğu 50 nəfərlik Milli Şura olacaq. Şura prezidentliyə vahid namizədi müəyyən edəcək…”.
Rüstəm İbrahimbəyov deyib ki, o, prezidentliyə namizəd olmayacaq:
“Ziyalılar Forumu burada iştirak etməyəcək, yalnız dəstək verəcək. Biz siyasətdə iştirak edirik, amma siyasi iddialarımız yoxdur ”.
Onun sözlərinə görə, Vergilər Nazirliyinin qaldırdığı cinayət işi süni ittihamdır. Ortada sənədlər var.
Modern.az