Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı səhnələşdirdiyi “Vicdanın hökmü” tamaşası Teatr Xadimləri İttifaqının Aktyorlar evində nümayiş olunub.
Modern.az xəbər verir ki, UNEC-in istedadlı tələbələrinin rol aldığı tamaşada UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti ilə yanaşı, millət vəkilləri Anar Nağıyev, Etibar Əliyev, Ceyhun Məmmədov, ADPU-nun rektoru Cəfər Cəfərov, AZTU-nun rektoru Vilayət Vəliyev, ADMİU-nun rektoru Ceyran Mahmudova, BANM-ın rektoru Elman Qasımov, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Rejissorları UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu, Vahid Orucoğlu olan “Vicdanın hökmü” tamaşasında rolları UNEC Tələbə Teatrının üzvləri Nicat Rəhimov (Rəhim), Mehdi Əhmədov (Fedya), Siyarə İsmiyeva (Güllü), Əlizamin Əhmədov (Aşot) və digər tələbələr ifa ediblər.
Tamaşada Rusiyaya köçən azərbaycanlı müəllimin Xocalı faciəsindən sonra Vətənin müdafiəsi üçün Azərbaycana geri dönməsindən və apardığı qəhrəmanlıq mübarizəsindən bəhs olunub. Gərgin dram, faciə və mübarizə əzminin yaşandığı tamaşa izləyənlərə duyğulu anlar yaşadıb.