Erməni lobbisinin növbəti məğlubiyyəti...
Müharibədən sonra acınacaqlı vəziyyətə düşən erməni diasporu yalan məlumatlar yaymaqla təxribatçı əməllərini davam etdirir. Saxta informasiyaların dövriyyəyə buraxılmasında sosial şəbəkələr erməni diasporu üçün əlverişli məkana çevrilib.
44 günlük müharibədə olan-qalan nüfuzunu itirən Ermənistanın lobbi şəbəkəsi internet platformaları vasitəsilə saxta məlumatların tirajlanmasına milyonlar xərcləyir. Lakin bu vəsaitlər belə onları xilas etmək üçün kifayət deyil. Artıq vəziyyət tamamilə dəyişib, tarixi Qarabağ zəfərindən sonra Azərbaycan diasporunun mövqeyi daha da güclənib, xaricdə ölkəmizi təmsil edən diaspor nümayəndələrimiz erməni lobbisinə layiqli və haqlı cavab verə bilir.
Bu gün ermənilərin məyusluğunu sosial şəbəkələrdə də görmək mümkündür. Dünyanın ən məşhur sosial şəbəkələri də erməni yalanlarını boykot edərək, onların mənfur planlarını alt-üst edir.
Belə ki, “Facebook” sosial şəbəkəsində erməni təxribat maşının əsas rıçaklarından olan “İnfo Portal” səhifəsi Azərbaycandan olan istifadəçilərin tələbi əsasında silinib.
Adı çəkilən səhifə erməni yalanlarını yaymaqla məşğul idi. “İnfo Portal”ın əsas missiyası saxta informasiyalarla Azərbaycana qarşı təxribatlar törətmək olub. Lakin Azərbaycan fəallarının şikayəti yoxlanılaraq, həmin "Facebook" səhifəsinin bloklanmasına qərar verilib.
Bununla bağlı səhifə sahibi özü paylaşım edib.
“Facebook”un səhifəmizi öz platformasından sildiyini sizə bildirməkdən məyusuq. Həmçinin Monte Melkonyanın (Avo) şəkli olan xəbər dərc edildikdən sonra bütün səhifə adminlərinin səhifələri silinib. Səhifənin 80 mindən çox abunəçisi var idi. Biz bu qərarı media azadlığının və söz azadlığının, eləcə də məlumat almaq hüququnun kobud şəkildə pozulması hesab edirik.
Erməni "milli qəhrəmanı" Monte Melkonyan haqqında məlumat paylaşa bilmirik. Mövcud vəziyyətdən belə nəticəyə gəlirik ki, Azərbaycan diasporu Amerikaya məxsus sosial şəbəkələrdə də qarşımızı almağa başlayıb. Sosial şəbəkələrdə qaydalarını diktə etməyə çalışırlar.
Biz Ermənistanın səlahiyyətli idarələrini, eləcə də dünyadakı erməni diasporunu bu məsələ ilə ciddi məşğul olmağa çağırırıq. Yoxsa bizim səsimiz artıq xaricdə eşidilməyəcək”,- deyə təxribatçı səhifənin admini etiaf edib.
Bu isə ondan xəbər verir ki, hazırda dünyada erməni yalanları işləmir. Azərbaycan diasporunun güclü fəaliyyəti qarşısında tab gətirə bilməyən Ermənistanın diaspor təşkilatları rəzil durumda olduqlarını gizlədə bilmirlər.