Modern.az

Oğlanlar indiki qızların nəyini bəyənmir? - Subay oğlanların iradları - MARAQLI

Oğlanlar indiki qızların nəyini bəyənmir? - Subay oğlanların iradları - MARAQLI

18 Yanvar 2013, 13:51

Ölkəmizdə gənclərin öz həmcinsləri barədə fikirləri orta yaşlı və yaşlı nəsildən xeyli fərlənir. Bəzən bu baxımdan gənc nəslin qızlar barədə fikirlərini normal qarşılamırlar. Bu baxımdan Modern.az-ın əməkdaşı bir neçə gəncin öz həmcinsləri barədə fikirlərini öyrənib.

Görəsən gənclər qızlarda hansı xüsusiyyətləri bəyənmirlər?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi Ənvər Guşənişin qızların qara geyinmələrini və səmimi olmamasını bəyənmir.

“Çoxları dəyərlərə bağlıdırlar və istədikləri kimi yaşaya bilmirlər. Ona görə də qəribə bir effekt alınır. Belə ki, özləri kimi ola bilmirlər. Əksəriyyəti bədii ədəbiyyatı həddindən çox az oxuyur”.

Təfəkkür Universitetinin tələbəsi Elkin Xəlilov Azərbaycan gəncliyində problemlərin çox olduğunu deyib. Onun sözlərinə görə, bunlardan biri də xanımların, oğlanlara nisbətən ailə həyatına tez meyl etməsidir.

“Sanki 18 yaşı tamam olan bir xanıma elçi gəlinmirsə, o özünü evdə qalmış hesab edir və depressiyaya düşür. Bizim xanımların əksəriyyəti karyera haqqında düşünmür və düşünəni belə onu ailə həyatına dəyişməyə hazırdır. Xanımların işə meylli olmaması, cəmiyyətdə kişilərin üstünə yük salmış olur. Yəni bir çox xanımlar belə düşünürlər ki, onlar evdə olmalıdır, kişi isə işləməlidir. Buda cəmiyyətdə gender bərabərliyinin pozulmasına və kişilərin üzərində yükün çox olmasına səbəb olur. Bir də Azərbaycan xanımlarının çoxu etiraz etməyin hələ nə olduğunu bilmirlər. İstər bu məişətdə olsun, istərsə də cəmiyyətdə. Fikir versəniz elə qonşu Türkiyədə gənc xanım tələbələr necə aktivdirlər, cəmiyyətdə baş verən proseslərə biganə qalmırlar. Amma bizə gəldikdə xanımlarda bu hiss olunmur. Burada mentalitet deyə bir çürük psixologiyada rol oynayır. Yəni problemlər tək xanımlarda deyil, həmdə kişilərdədir. Cəmiyyətimizin inkişafı, onun normal bir hala gəlməsi üçün bəzi köhnə fikirləri silib atmaq lazımdır. Burda da əsas məsələ mentalitetdir. Biz bu cür fikirləri beynimizdən silib atmasaq, sivil cəmiyyət qura bilməyəcəyik”.

Sankt-Peterburq Stomotoloji Tibb kollecinin tələbəsi Rövşən Bəyov bildrib ki, bəyəndiyi qız xasiyyəti, onun xasiyyəti ilə uyğun olmalıdır.

“Üzeyirə qulaq asan və məktəbdə tarix kitabını oxuyub tarix bilirəm deyən qızları bəyənmirəm. Oğlanların əhatəsinə qoşulmaq üçün özünü oğlan kimi aparan və yalançı qızları bəyənmirəm. Seçdiyim qızın zövqü öz zövqümlə üst-üstə düşməlidir. Bu o demək deyil ki? qızdan üstün olmalıyam. Sadəcə zövqlər və maraqlar oxşamalıdırlar”.

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Cavanşir Vəliyev qızların çox sual verməsini bəyənmir. Onun sözlərinə görə, qızlar daima sıxıntı içində yaşayırlar. “Sanki həyatlarında heç bir maraq yoxdur və həyatları çox maraqsız keçir. Həyatlarında əyləncə yoxdur. Birdə qızların çoxu tez ərə getmək istəyirlər, elə bil ərə gedəndə nəyisə olur”.

Dövlət İdarəçilik Akademiyasının tələbəsi Elnur İsmayılov əsasən qızların geyimlərinin  xoşuna gəlmədiyini deyib. “Qara paltar geyinməsinlər. Yəni bu rəngdən çox istifadə etməsinlər. Bir az kitab oxusunlar. Türklərdən başqa o biri millətlərə də baxsınlar. Kitabı əzbərləməsinlər və qiymət üçün oxumasınlar”.

Tələbə Eldəniz Qasımov qızların lazım olduğundan artıq naz etmələrini heç də bəyənmir.

“Azərbaycanlı xanımları özünəməxsus gözəlliyə malikdirlər və elə özlərinə məxsus nazlı olurlar. Belə həddən artıq nazlı olmağı, lovğalıq kimi də adlandırmaq olar. Əsas cəhətləri budur”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Amil Məmmədov qızlarda ağıl və sadəliyin olmasını bəyənir. Özlərini lovğa aparmasını isə heç bəyənmir. “İstərdim qızların intellektual səviyyəsi və dünya görüşü normal olsun. Deməsin ki, “ABŞ-da və Fransada olmaq istərdim”. Özlərini olduqları kimi aparsınlar”.

Azərbaycan Texniki Universitetinin tələbəsi Ramil Bəyov qızlara düz söz deyəndə inanmadıqlarını, yalan deyəndə isə inandıqlarını deyir. O, qızların bu xüsusiyyətini bəyənmir. “Onlarla görüşmək istədiyini deyən kimi mental damarları tutur və “yox dəlisən?!” kimi söz deyib özlərini gözdən salırlar. “Sevirəm” sözünü deyən kimi, Qurana qədər and içdirirlər. Bunlar xoşagəlməzdir. Oturub bir yerdə çay, kofe içmək olmur. Deyirlər “dəlisən, qohumum görər”. Bir də gizli nömrə ilə başqa qız adı ilə zəng edib oğlanı yoxlamaq kimi fikirlərini bəyənmirəm”.

Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Rəmzi Kərimov qızları geyimlərinə və kitab oxumadıqlarına görə bəyənmir. Bundan başqa qızlarda bəyənmədiyi xüsusiyyətlərin çox olduğunu deyib. “Bunların hamısı bədii kitab oxumadıqlarının nəticəsidir. Düzdür, bədii kitab oxumaq insana o qədərdə kömək etmir, amma yaradıcılığa və fikirlərin təkmilləşməsinə kömək edir. Bədii kitab oxuyan qızın ən azından danışıq qabiliyyəti səlis, öz imicini tapa bilər, insanlarla ünsiyyətdə olmaq ona rahat olar, cəmiyyətdə öz mövqeyini daha tez tapar. Əfsus ki, bizim qızlar ancaq dərs vəsaitləri ilə kifayətlənirlər”.

Azərbaycan İctimai-Siyasi Universitetinin tələbəsi Daşqın Əliyevin gənc Azərbaycan xanmlarında ən sevmədiyi cəhət yaşlı nəsillərin gənc zamanlarında olduğu kimi, erkən nikah sevdasıdır. Onun sözlərinə görə, qız məktəbi bitirdi ərə getmək haqqında düşünür və ya maksimum universitetdən sonra ərə gedəcəyi ümidi ilə yaşayır.
“Əslində bu problemdə yaşlı nəslin böyük günahı var. Qız 5- 6-cı sinifdə oxuyan zaman ona ərə getmək aşılanır. Buna görə də qızların böyük xəyalları olmur. Bu səbəbdən yaşlı nəslin gəncliyi qınamağa haqqı yoxdur. Valideynlər bilməlidir ki, təhsil vermədikləri qızları cəmiyyətin gələcəkdə bir həkim, jurnalist və müəllim itkisidir. Qızlar anlamalıdır ki, bu mentalitet tabusuyla mübarizə aparıb, erkən ərə getmək kultunu məhv edib dünyaya əsgər gətirməkdənsə, daha faydalı bir işlə cəmiyyətə xeyir vermək lazımdı. Düşünürəm ki, oğlanların qızları qınamaq kimi haqqı olmamalıdır. Öz evində ciddi rejim qurub, bacısına senzura qoyan oğlanın cəmiyyətdən azad qadın modeli istəmək haqqı ola bilməz”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır