Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov Modern.az-a açıqlamasında bildirib ki, neqativ hallarla bağlı olaraq, 2013-cü il başlayandan ali təhsil ocağından 9 tələbə qovulub.
“Təhsil Nazirliyinin əsasnaməsi var. 3 fəndən qeyri-kafi qiymət alan tələbəni universitetdə saxlamırıq. Müəyyən saat həddi var, çox dərs saatı buraxan tələbə universitetdən xaric olunur. Bu il 9 nəfər tələbəni universitetdən xaric etdim. Onlardan 2-si xarici, 7-si isə yerli tələbədir. Bunlar dərsə gəlmədiklərinə görə xaric olunublar. Hətta iki həftə bundan qabaq 6-cı kurs tələbəsini universiteti bitirməyinə 3-4 ayın qalmasına baxmayaraq xaric etdik”.
Rektor onu da əlavə edib ki, universitetdə bütün fakültələrdə imtahanlar kompüterlə keçirilir.
“Tələbələr test üsulu ilə imtahanların kompüterlə verilməsini alqışlayırlar. Testin əleyhinə və lehinə olanlar var. Mənə deyəndə ki, test əzbərçilikdir, deyirəm ki, düzdür, həkimin dil qabiliyyəti olmalıdır. İlboyu tələbə kafedralarda çalışır, o danışmağı, dil qabiliyyətini orada öyrənir. İmtahanda sənin qarşında yarım saat oturmaqla dil qabiliyyəti əmələ gəlməyəcək ki? Bizdə imtahanlar yüzdə-yüz şəffaf keçirilir. Universitetdə imtahan verənlərdən qeyri-kafi alanların sayı 20%-ə qədər çatır. Təsəvvür edin, bir fəndən 1000 sual olur, əgər tələbə bu sualları cavablandıra bilirsə, deməli o, proqramı mənimsəyib, istər əzbərləsin, istərsə də əzbərləməsin“, – deyə Ə. Əmiraslanov qeyd edib.
Nihadə Eyyubova