Modern.az

“Sevinc Babayevaya dünyadan köçməyə kömək ediblər”

 “Sevinc Babayevaya dünyadan köçməyə kömək ediblər”

18 Yanvar 2013, 17:15

Hüquq müdafiəçisi: “Onun işində ziddiyyətlər çoxdur”

“Artıq araşdırmaya heç bir ehtiyac qalmır. Çünki həm “Medicana” xəstəxanasının, həm də Baş Prokurorluğun “epikrizindən” məlum oldu ki, Sevinc Babayeva öz əcəli ilə ölməyib. Ona dünyadan köçməyə kömək ediblər. Onu zəhərləyiblər”.

Bu barədə Modern.az-a hüquq müdafiəçisi Eynulla Fətullayev deyib. O, bildirib ki, bu işdə xeyli sual doğuracaq məqamlar var:

“Birincisi, Baş Prokurorluğun təqdim etdiyi ekspertizanı tibbi mütəxəssislərə təqdim etdim. Onlara görə, Sevinc Babayevanın epikrizinin xeyli diletant səviyyədə hazırlanıb. Yəni ən azı tibbi terminologiya ilə tərtib edilməyib. Peşəkar həkim heç vaxt elektoşok sözünü yazmaz, defibrilyasiya terminindən istifadə edər. İkincisi isə epikrizdən Sevinc Babayevanın nədən öldüyünü bilmək olmur. Epikrizdə ürək çatışmazlığı qeyd edilsə də, onun qanaxmadan əziyyət çəkdiyi barəsində məlumat var. Ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkən xəstələrdə daxili qanaxma ola bilər, ancaq xəstəlik ən pik həddə çatan zaman bu baş verir”.

Hüquq müdafiəçisinin dediyinə görə, tibbi mütəxəssislərin qənaətinə görə, Gömrük hospitalında müalicə olunan zaman Sevinc Babayeva ürək çatışmazlığından müalicə almayıb, tibbi arayışlarda onun bu xəstəlikdən əziyyət çəkməsi ilə bağlı heç bir məlumat yoxdur. Onun sözlərinə görə, insanda ürək çatışmazlığının birdən-birə bu cür kəskin forması yarana bilməz:

“ Ən nəhayət, ürəyə elektroşok, yəni defibrilyasiya ancaq ürək dayandıqda tətbiq edilir, lakin Baş Prokurorluğun bəyanatında göstərilir ki, Esenyurd xəstəxanasına daxil olarkən Babayeva sağ idi, hətta onun yanaqlarının qızarması, nəfəs alması kimi detallar da orada yer alıb. Digər tərəfdən bu cür xəstələrə ağ ciyərlərin süni nəfəsvermə aparatına qoşurlar. Epikrizdə bu haqda heç bir məlumat yoxdur, məgər Esenyurd kimi prestijli xəstəxanada İVL aparatı yox idi? İnanmağım gəlmir. Əgər türk həkimləri onu bu aparata qoşmayıblarsa, deməli Sevinc Babyevanın vəziyyəti heç də ölümcül olmayıb. Epikrizdə həmçinin Babayevanın refkeksləri, özündə olub-olmaması, komada, stuporda və ya stupor vəziyyətində olması ilə bağlı da məlumat yer almayıb. Baş Prokurorluğun məlumatında həmçinin bildirilir ki, Sevinc Babayevanı Esenyurddan “Medicana”ya yaxın adamının xahişi ilə yola salıblar. Bu adamın kimliyi haqda məlumat verilmir. İstintaq müəyyən etməlidir ki, bu adam niyə Sevinc Babayevanın Esenyurd kimi prestijli və yüksək tibbi xidmətə malik olan xəstəxanadan çıxarılmasını təkid edib? Bu adam kimdir? Niyə Prokurorluq bu günə kimi həmin şəxslə bağlı heç bir tədbir görməyib?”.

Eynulla Fətullayev onu da bildirib ki, Sevinc Babayevanın yanında olan şəxs Türkiyə prokurorunun iddiasına görə saxlanılıb və 1 gündən sonra azad edilib. Halbuki, yerli istintaq orqanları həmin şəxsi dindirməyib və ümumiyyətlə onun dindirilməsinə niyə maraq göstərməyib? Hüquq müdafiəçisi onu da deyib ki, Sevinc Babayevanın oğlu bildirib ki, həmin şəxsi S. Babayevaya məhz Gülər Əhmədova təhkim etmişdi:

“Əgər bu şəxs istintaq tərəfindən dindirilibsə, halbuki, mən buna çox şübhə edirəm, əks halda türk prokuroru bunu deyərdi, niyə bu barədə ictimaiyyətə məlumat verilməyib? Ən nəhayət şəxsi araşdırmalarım deməyə əsas verir ki, Esenyurd xəstəxanasında kardioloji şöbə var. Bir də yadınızdadırsa, “Medicana” xəstəxanası ilk bəyanatında Sevinc Babayevanın buraya gətirilməsini Esenyurdda reanimasiya şöbəsinin olmaması ilə əlaqələndirmişdi. Daha bir yalan isə budur ki, “Medicana” deyir ki, reanimasiya şöbəsi yox idi, Prokurorluq isə kardiologiyadan bəhs edir.

Nəticədə Prokurorluğun və “Medicana”nın təsvir etdiyi əlamətlərdən tibbi mütəxəssislər belə şübhə edirlər ki, Sevinc Babayeva zəhərlənib. Əks halda, türk təcili xidməti onu heç vaxt kardioloji şöbənin olmadığı Esenyurda aparmazdı. Nə qədər ziddiyyətlər ortaya çıxır? Odur ki, araşdırılası heç nə qalmır”.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi