Yanvarın 18-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsində 2012-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Modern.az-ın məlumatına görə, müşavirni nazir açıb. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.
R.Abbasov bildirib ki, paytaxt polisi kriminogen durumu nəzarətdə saxlayıb. Hesabat dövründə Bakı şəhərində 9.719 cinayət qeydiyyata alınıb, onlardan 79,1%-nin açılması təmin edilib. Bu cinayətlərin 85,8%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 14,2%-i ağır və xüsusilə ağır növ cinayətlər olub.
Cinayətlərin sayi 14,1% (1.597 fakt), şəxsiyyət əleyhinə olanlar 22,1%, mülkiyyət əleyhinə olanlar 16,1% azalıb və bu müsbət təmayül, əsasən, şəxsi əmlak və mənzillərdən edilən oğurluqların azalması hesabına baş verib.
Hesabat dövründə ümumən cinayətlərin açılması 5,3%, onların ağır və xüsusilə ağır növlərinin açılması 7,9% yaxşılaşmış, şəxsiyyət əleyhinə törədilmiş 2.468 cinayətdən 96,4%, o cümlədən 69 qəsdən adamöldürmənin 94,9% və 34 adam öldürməyə cəhdin hamısı açılıb.
Bu müddətdə 65 soyğunçuluq və quldurluq törətmiş 122 nəfərdən ibarət 49 qrup, eləcə də 117 mənzil oğurluğu törətmiş 74 nəfərdən ibarət 31 qrup zərərsizləşdirilib, habelə keçmiş illərdən bağlı qalmış 252 cinayət açılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və narkomaniyanın yayılmasının qarşısının alınması üzrə fəaliyyət çərçivəsində 2012-ci ildə 917 nəfər məsuliyyətə cəlb olunub, onlardan 204 kiloqram narkotik vasitə götürülmüş, 30 nəfərdən ibarət 14 qrup ifşa edilib.
Baş İdarənin rəisi işdə mövcud olan nöqsanları və onların aradan qaldırılması üzrə qarşıda duran vəzifələri də diqqətə çatdırıb.
Əməliyyat müşavirəsinə yekun vuran nazir, general-polkovnik Ramil Usubov vurgulayıb ki, əvvəlki illərdə olduğu kimi 2012-ci ildə də Bakı şəhərinin polis orqanları cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib.
R.Usubov müşavirə iştirakçılarının diqqətini qarşıda duran həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.
Modern.az