Modern.az

Xocalı qurbanları dünyanın 40 ölkəsində anılıb - FOTOLAR

Xocalı qurbanları dünyanın 40 ölkəsində anılıb - FOTOLAR

Diaspor

27 Fevral 2022, 13:52

Xocalı soyqırımının 30-cü ildönümü dünyanın dörd bir yanında anılıb.

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbir təşkil olunub.

 

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar aksiya keçirilib. Azərbaycan-Nyu-York Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan aksiyada ABŞ-ın müxtəlif ştatlarında yaşayan soydaşlarımız və Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak edib.

 

Aksiya iştirakçıları әllәrində Azәrbaycan, Türkiyə, ABŞ bayraqları, eləcə də Xocalıya ədalət tələb edən və faciәni әks etdirən plakatlar tutublar.

 

İsveçrənin Stokholm şəhərində məşhur isveçli fotoqraf Mikael Silkebergin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fotosərgisinin açılış mərasimi olub.

 

Sərgidə fotoqrafın ötən il DİDK-nın dəstəyi ilə Ağdam, Füzuli və Şuşaya səfəri zamanı erməni işğalından azad olunmuş ərazilərimizdən çəkdiyi 30 foto əsəri təqdim olunub. Bu əsərlərdə işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi vandalizm aktları öz əksini tapıb.

 

Polşanın Varşava Milli Filarmoniyasında Xocalı soyqırımının 30-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Azərbaycan Dövlət Pantomima Teatrının aktyorlarının ifasında “Xocalı – bu olub” adlı tamaşası təqdim olunub. Xocalı soyqırımının dəhşətlərinin pantomima dili ilə çatdırılması polyak tamaşaçılarına çox böyük təsir göstərib.

 

Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans və anım mərasimi təşkil olunub.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin "Xocalıya ədalət!" çağırışı ilə müxtəlif xalqların nümayəndələrinin, eləcə də xaricdə yaşayan həmvətənlərimizin  dünya ictimaiyyətinə müraciəti əsasında hazırladığı videoçarx nümayiş etdirilib.

 

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri baş tutub.

 

Tədbirdə Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Milli Məclisin deputatı Azay Quliyev, Azərbaycan Akademik Birliyinin fəxri sədri Tofiq Mürşüdlü, Srebrennitsa-Potoçari Memorial Mərkəzinin direktor müavini Amra Begiç Fazliç, Avstriyadakı Bosniya və Herseqovina icmasının üzvü Armin Pyevlyakoviç, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, yazıçı-publisist Səriyyə Müslümqızı çıxış ediblər.

 

İsrailin Yerusəlim şəhərində Xocalı soyqırımının 30-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Azərbaycanlı qonaqlar Xocalı faciəsi kimi ağrımıza şərik olduqlarına, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına fəal şəkildə qoşulduqlarına, xalqımıza dəstək göstərdiyinə görə İsrail dövlətinə və yəhudi xalqına minnətdarlıqlarını bildiriblər. Azərbaycan dövlətinin və xalqının öz ərazi bütövlüyünü bərpa etdiyi, Cənubi Qafqaz bölgəsinə sülh gətirdiyi və dünyanın heç bir yerində müharibənin olmasını arzulamadığı nəzərə çatdırılıb.

 

Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü ilə Kiyev şəhərinin mərkəzi küçələrində Xocalı soyqırımından bəhs edən lövhələr quraşdırılıb. Lövhələrin quraşdırılmasında məqsəd Ukrayna ictimaiyyətinə və xarici vətəndaşlara Xocalı soyqırımı haqqında məlumat verməkdir.

 

Bundan əlavə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə digər ölkələrdə də Xocalı soyqırımının 30-cü ildönümü ilə əlaqədar anım tədbirləri təşkil olunub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu