Ölkəmizdə müxtəlif dövlət orqanlarının öz sahə qəzetləri nəşr edilir. Onlar əsasən abunə yolu ilə, bəzən də satış yolu ilə oxuculara təqdim edilir. Modern.az “Bizim qəzet” rubrikası çərçivəsində həmin sahə qəzetləri barədə ətraflı məlumat verir.
Bu dəfə Gənclər və İdman Nazirliyinin mətbu orqanı olan “İdman” qəzeti haqqında məlumat veririk.
“İdman” Azərbaycanın idman mətbuatının ən böyük tarixə malik nəşri оlan qəzetidir. 1932-ci ildə ilk dəfə "Azərbaycan bədən tərbiyəçisi" ("Fizkulturnik Azerbaydcana") adı altında işıq üzü görüb. O zaman qəzet iki dildə – Azərbaycan və rus dillərində nəşr edilirdi. İkinci dünya müharibəsi zamanı, 1941-ci ildən 1945-ci ilə qədər "İdman" qəzeti fəaliyyətini dayandırıb və qəzet əməkdaşları hamısı müharibəyə gediblər. Qəzet fəaliyyətini yalnız 1951-ci ildən sonra bərpa edib. O zaman qəzetə Mirpaşa Miriyev baş redaktorluq edib. O uzun müddət qəzetə rəhbərlik edib, belə ki, 37 il “İdman” qəzetinin baş redaktoru olub.
Qəzetin hazırki baş redaktoru Qabil Mehdiyev həm də Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəridir.
Baş redaktor Modern.az saytına açıqlamasında bildirib ki, 60-cı illərdə qəzetin adı dəyişdirilərək “İdman” və “Sport” adlandırılıb.
“Elə ilk fəaliyyətə başladığı gündən rəsmi qəzeti olub. Əvvəllər İdman və Sağlamlıq Komitəsinin, 60-cı illərdə Bədən Tərbiyəsi və İdman Komitəsinin nəzdində olub. Müstəqilliyin ilk illərinə qədər belə olub. 1994-cü ildə eks-prezident Heydər Əliyevin sərəncamı ilə Gənclər və İdman Nazirliyi adlandırıldı və avtomatik olaraq da qəzetin adı dəyişdirildi “İdman” qəzeti oldu. Struktur yenidən təsis olundu”.
Q. Mehdiyev hazırda qəzetin 8 səhifə həcmində həftədə bir dəfə nəşr olunduğunu vurğulayıb. “Qəzetin 1, 4, 5, 8-ci səhifələri rəngli çıxır. Qəzetin eyni zamanda əlavə saytı da fəaliyyət göstərir ki, burada gündəlik informasiyalar yerləşdirilir. Bu sayt eyni zamanda Azərbaycanda idman sahəsində yeganə elektron ensiklopediyadır. Burada idmana aid hər materialı, prezidentin çıxışlarını, sərəncamlarını tapmaq olar. Həmçinin nazirliklə birlikdə ayda bir dəfə rəngli bülleten nəşr etdirir”. Q.Mehdiyev bildirib ki, qəzetdə 9 nəfər çalışır.
“Onlardan 5-i yaradıcı heyətdir, qalanları isə texniki. 2000-ci ildən isə qəzetin baş redaktoruyam. Kənar müəlliflər də olur. Bunlar əsasən bölgələrdə bizi daim izləyən oxucu jurnalistlərdir. Eyni zamanda Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimləri də bizə elmi məqalələr göndərir.
Qeyd edim ki, bizdə daim işləyənlərə burada bütün günü olmaq prinsipi qoyulmur. Məlumdur ki, bir qəzetdə işləməklə dolanmaq çətindir. Ona görə bizdə olan yaradıcı heyətin elələri var ki, başqa yerdə baş redaktor, redaktordurlar. Sadəcə bazar ertəsi məcburi iş günüdür, qalan vaxtlar əlavə işlərlə məşğul olmaq icazəsi verilir”.
Q. Mehdiyev qeyd edib ki, qəzet idman sahəsində yeganə dövlət nəşridir. “Qəzetdə birinci növbədə dövlətin idman sahəsində ideyası öz əksini tapır və kütləvi bədən tərbiyəsinə, idmana xidmət edir. Daha sonra prezidentin çıxışlarına geniş yer verilir. İnformasiyalar, analitik yazılara da geniş yer verilir”.
Baş redaktor “İdman” qəzetinin həm abunə, həm də satış yolu ilə əhaliyə çatdırıldığını bildirib. Qəzetin satış qiyməti isə 20 qəpikdir.
Aytən ƏLİYEVA