Modern.az

Azərbaycanlı jurnalistin Boris Nemtsovla bağlı XATİRƏSİ

Azərbaycanlı jurnalistin Boris Nemtsovla bağlı XATİRƏSİ

28 Fevral 2022, 10:40

Mahir Qabiloğıu

AzTV-nin “Xəbərlər” proqramında işləyəndə dünyanın müxtəlif  ictimai-siyasi xadimləriylə  rastlaşmışam. Onlardan biri də Boris Nemtsov idi. Bakıda yeni neft kontraktlarının bağlanmasına həsr olunmuş böyük dövlət tədbiri keçirilirdi. Türkiyədən baş nazir Məsud Yılmaz, Gürcüstandan prezident Eduard Şevardnadze, Rusiyadan isə Baş nazirin I müavini Boris Nemtsov dəvət olunmuşdular. Artıq rəsmi hissə başa çatmışdı.

Axşam saat 10-da tapşırıq aldım ki, bəs Binə aeroportuna gedib, qonaqların yolasalınmasını lentə almalıyam. Operator Zakir Muxtarovla gəldik ovaxtkı VİP ZAL-a. Çay içə-içə başladıq gözləməyə. Saat 23.00 oldu heç kim gəlmədi. Gecə yarı oldu heç kim yox...
Nəhayət gecə saat 1-in yarısında birinci kortej qapıda dayandı. Zakir tez kamerasını rahladı, mən də mikrofonla yanında hazır dayandım ki, birdən Boris müəllim ürək sözlərini demək istəyər. Qonağı Azərbaycan Baş nazirin 1-ci müavini Abbas Abbasov yola salırdı.

İçəri girəndə gördük ki, Boris Nemtsovun kefi yuxarıdır. Yəni ki, yaxşı vurub.  Abbas Abbasova da bu haqda danışırdı.

- Deyirəm ki, Qeydar Aliyeviç, mən getməliyəm. Deyir ki, yox. Yeməsən-içməsən səni heç yana buraxan deyiləm. Yaxşı kişidir, vallah. Yaxşıca yedim-içdim, sonra icazə verdi. Ona böyük hörmətim var.

Bu sözləri deyə-deyə yanımızdan keçəndə birdən bizi gördü. Gəldi dayandı düz kameranın qabağında. Zakir də başladı çəkməyə. Nemtsov sözünə söyüşlə başladı.

- (Mujik, tebe ne x.. delat?) Ay kişi, sənin işin-gücün yoxdur? Gecə saat 1-də  gəlmisən məni yola salmağa...

Zakir isə çəkir. Heç bir cavab vermirik:

- Bir buna bax, mənimlə danışmaq istəmir. (Posmotri na neqo. Ne xoçet somnoy razqovarivat).

Zakir yenə çəkir. Heç nə demir. Abbas Abbasov və digər yola salanlar da gülə-gülə bu səhnəni izləyirlər. Boris müəllim də gördü ki, Zakirdən bir səs çıxmır əlini ona uzadaraq.

- Yaxşı, mən getdim. Sağlıqla qal. (Nu mujik, do svidaniya. Ya poşol).



Zakirin gözü kameranın gözlüyündə olduğundan, əlbəttə ki, Boris Nemtsovun əl uzatmağını görmürdü.

- Abbas Aydın oğlu, bu mənimlə sağollaşmaq istəmir. (Abbas Aydınoviç, on ne xoçet somnoy poproşatsa).

Gördüm ki, əli uzana qalıb  Zakirə dedim ki, bəs əl uzadıb sənə, sağollaş getsin. Zakir də sol əliylə çiynində olan kameranı tutaraq, sağ əlini kameranın düyməsindən çəkdi və Nemtsova tərəf uzatdı. O da razılıqla:

- Bax, bu, başqa məsələ. (Vot eto druqoe delo).

Sonra mənimlə və digərləriylə də görüşüb, ildırım sürətiylə təyyarəyə doğru addımladı. Bakıya balaca təyyarədə gəlmişdi. Ona görə də VİP zala yaxın saxlamışdılar. İki-üç pilləli trapın yanında stüardessa – qəşəng bir rus gözəli durmuşdu. Abbas Abbasov isə Boris Nemtsovun sanki yadından çıxmışdı. Qonaq trapa çatanda əliylə stüardessanın yumşaq yerinə  bir sığal da çəkib təyyarənin salonuna keçdi. Özü də protokola və etiketə zidd olaraq Abbas müəllimlə sağollaşmadan. Gördüm ki, Abbas müəllim də yaman pərt oldu. Astaca “Abbas müəllim, bəs mən “Xəbərlər”də nə verəcəyəm?” soruşdum. O da çiynini çəkdi.

Dayanıb gözləyirdik ki, təyyarənin qapısı bağlansın və sonra çıxaq gedək. Hardasa iki dəqiqədən sonra Boris Nemtsov yenidən təyyarədən düşdü. Gülə-gülə Abbas Abbasovu qucaqlayaraq, öpdü. Təzədən bizə də əliylə vida elədi. Təyyarəsinə əyləşdi. Bizə də təkcə bu epizod lazım idi. Vəssalam.

Boris Nemtsov getdi. Bizə də bu xatirə qaldı...

P.S. Dünən 27 fevral Boris Nemtsovun qətlə yetirildiyi gün idi. Boris Nemtsov 1990-cı illər Rusiya siyasətinin ən parlaq nümayəndələrindən biri olub. Nijni Novqorod vilayətinin qubernatoru və Rusiya baş nazirinin müavini kimi Yeltsinin komandasında çalışan siyasətçi bir ara Rusiya prezidentliyinə ən real namizəd hesab olunurdu.  

Boris Nemtsov Vladimir Putin hakimiyyərtinə qarşı ən müxalif olan siyasətçi kimi tanınırdı.

55 yaşlı siyasətçi 27 fevral 2015-ci ildə Kreml yaxınlığındakı körpüdə odlu silahdan qətlə yetirilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu