Rusiya-Ukrayna müharibəsinin beşinci günüdür. Rusiyanın başlatdığı hərbi əməliyyatlar genişlənməkdə davam edir. Çox sayda texnika və şəxsi heyətlə birgə Rusiya Ukraynanın bir çox şəhər və kəndlərinə hərbi hücumlar edir. Hətta buna paytaxt Kiyev də daxildir. Lakin rəsmi Kiyev də Rusiyanın hücumlarının qarşısında dayanır. İndiyə qədər 4000- ə yaxın rus əsgərinin öldürüldüyü bildirilib. Rusiya isə bir sıra kəndlərə və şəhərlərə nəzarət etdiyini deyir.
Bəs, müharibənin başlanğıcından bu yana vəziyyət necədir və kimin lehinə işləyir?
Bu barədə Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiya generalları özündən razı halda, çox rahat şəkildə ya bir, ya da ikinci gün gedib Kiyevə çıxacaqlarını düşünürdülər:
“Ancaq hücum fiaskoya uğradı. İndi səhər saatlarında Belarusyanın Qomes şəhərində Rusiya-Ukrayna nümayəndələri arasında danışıq keçirilməli idi. Əgər Rusiya danışığa gedibsə, bu o deməkdir ki, Rusiyanın planları baş tutmadı. Heç vaxt da bu baş tutmayacaq. Bu gün həftənin birinci günüdür və bu gün rus pulunun Yapon birjasında sürətlə dəyərdən düşməsi müşahidə olunub. Rubl təkcə bir neçə saat ərzində düz 40 faiz aşağı düşüb. Bu o deməkdir ki, Rusiyaya tətbiq edilən sanksiyaların təsiri bu həftə pik həddə çatacaq. Rusiya çox avantürist məsələyə əl qoyub. Bu saatlara qədər də Ukrayna ərazisini bombalayır, hərbi təcavüzü həyata keçirir. Ona görə də, bunun heç bir persperktivi yoxdur. Mən düşünmürəm ki, Rusiya gücə arxalanaraq nəyəsə nail olsun”.
Ekspertin sözlərinə görə, müharibənin Ukrayna üçün ən təhlükəli anları birinci və ikinci günlər idi:
“Yəni bu qədər tank, bu qədər top, bu qədər şəxsi heyətlə Ukraynanın üzərinə gələn Rusiya nəyəsə nail olacağını düşünürdü. Ancaq əksinə, Ukrayna ordusu döyüşkən olmağını, yəni 2014-cü ildən bu yana xeyli təcrübə topladığını və bir xeyli uğur əldə etdiyini nümayiş etdirdi".
Ü.Cəfərov qeyd edib ki, döyüşdən imtina emək istəyənlərin sayı artır:
“ Rusiya ordusu döyüşmək istəmir. Deməli, artıq Rusiya ordusunun ehtiyatları, həm də gücü tükənir. Dünənə olan məlumatlar ümumiyyətlə dəhşət idi. Yəni rəsmi rəqəmlər ondan ibarətdir ki, ayın 26-27-də daha çox zərbələr olub. Düzdür, deyirlər ki, şəhər tutmuşuq, burada hansısa kəndə daxil olmuşuq. Təkcə dünən Xarkov şəhərində Rusiya ordusunun Tiqr adlandırılan komandir maşınları ilə şəhərə daxil oldular. Şəhərin içinə daxil olduqda sanki bir tələyə salındılar və sonra da məhv edildilər. Qaça bilənlər geriyə dönə bildilər, qaça bilməyənlər məhv edildilər. Hətta, Çeçenistandan ora gedən qüvvələr də dünən çox sarsıdıcı zərbələr aldı. Çeçenistan rəhbəri Ramzan Kadirov Putinə müraciət edərək ona imkan verilməsini xahiş etdi”.
Ü.Cəfərov bildirib ki, Ukrayna ordusu vəziyyətə tam nəzarət edir:
“Uzaqdan bombalamaq, uzaqdan artilleriya mərmiləri yağdırmaq da Rusiyanı vəziyyətdən çıxarmayacaq. Bu həftə həlledici olacaq. Bunu Ukrayna prezidenti də bildirir. Bu həftəni Ukrayna ordusu tam şəkildə yola verə bilsə, yəni bu basqının qarşısını ala bilsə, mənə elə gəlir ki, Rusiya ordusunun şəxsi heyəti və texnikası sarıdan dəhşətli şəkildə itkiləri olacaq. Çünki artıq NATO, Avropa ölkələri Ukraynaya kifayət qədər ciddi silahlar, hava hücumundan müdafiə sistemləri, təyyarələr, tank əleyhinə mərmilər və digər yardımlar göndərib. Buna görə də, düşünürəm ki, Rusiya nə qədər tez düzgün qərar versə, bir o qədər öz şəxsi heyətinin həyatını xilas etmiş olacaq.
Əgər bir-iki günə diplomatik cəbhədə heç bir nəticə olmayacaqsa, xeyli itkilər və dağıntıların şahidi olacağıq. Hər halda dünya bu məsələyə seyrçi qalmayacaq. Azərbaycan da indi Ukraynaya humanitar sahədə lazım olan dəstəyi göstərir. Ancaq vəziyyət gərgin olaraq qalmaqdadır”.
Turqay Musayev