Prezident Volodimir Zelenski Ukraynaya hücum edən rus hərbçilərə müraciət edərək, onları atəşi dayandırmağa çağırıb.
Modern.az xəbər verir ki, o, bu barədə yeni videomüraciətində bildirib.
"Artıq 4500 rus əsgəri öldürülüb. Niyə hamınız bura gəlmisiniz? Niyə zirehli kolonlarınız Krımdan, bizim Krımdan bizə qarşı gəlir: Yaltadan, Evpatoriyadan, Sudakdan, Simferopoldan... Bunlar hərbi düşərgələrin adları deyil. Yenə də deyirəm: 4,5 min rus işğalçısı həlak olub”, - deyə Zelenski vurğulayıb.
O, Ukraynaya hücum edən ruslara rus dilində müraciət edib.
"Təchizatınızı qoyun və gedin. Komandirlərinizə, təbliğatçılarınıza güvənməyin. Sadəcə qaçın, canınızı qurtarın!", - prezident deyib.
V.Zelenski qeyd edib ki, Ukraynaya hücum edən Rusiya ordusu elə itkilər verir ki, sanki müharibə onların ərazisindən keçib.
"Ukraynaya bu cinayətkar işğalı davam edərkən, Rusiya dövləti elə itkilər verir ki, sanki müharibə onların ərazisindən keçib. Bütün bunlar sizə lazımdır? Nə üçün? Rus anaları, rus müəllimləri, rus sahibkarları, sadə insanlar - nəyə görə?” – deyə Zelenski qeyd edib.
Prezidenti deyib ki, anti-müharibə koalisiyası tərəfindən Ukraynaya verilən dəstək misilsizdir.
"Dünən mən Portuqaliya, Litva prezidentləri ilə, Fransa lideri Emmanuel Makronla, Polşa prezidenti Anjey Duda ilə danışdım. Səmərəli işimizə görə Anjeyə xüsusilə minnətdaram. Belçikanın, İspaniyanın baş nazirləri ilə danışdım. Böyük Britaniyanın baş naziri Boris Consonla söhbətləşdim. Müharibə əleyhinə görünməmiş koalisiyadan böyük dəstək var”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, Avropa bütün Rusiya təyyarələri üçün səmanı bağlayıb və qlobal biznes Rusiya şirkətləri ilə hər hansı əlaqələrdən imtina edir.
"Gəlin görək, bu həftə Rusiya valyutası üçün necə başa çatacaq, rublun ucuzlaşması necə olacaq?", - prezident bildirib.