Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” partiyasının parlamentdə fraksiyasının üzvləri ilə görüşüb. Bu, 2022-ci ildə belə formatda ilk görüş olub.
Modern.az xəbər verir görüş barədə “Hraparak” maraqlı məlumat dərc edib.
“Paşinyan cəmi bir saat orada oldu, sonra fraksiya onsuz qarşıdakı görüşlərin gündəliyini, layihələri və planları müzakirə edib. Paşinyanın parlamentə gəlişinin əsas məqsədi şəxsən deputatları Rusiya-Ukrayna müharibəsi ilə bağlı maksimum təmkin nümayiş etdirməyə çağırmaq və xəbərdarlıq etmək olub”.
“Hraparak”ın məlumatına görə, baş nazir deputatlara tapşırıb ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı susmaq daha yaxşıdır, əks halda ehtiyatlı olmaq vacibdir. Paşinyan deputatlara tapşırıb ki, həm Ermənistana, həm də Qarabağa birbaşa təsir edəcək bu məsələ həll olunana qədər bitərəf qalsınlar.
Baş nazir özü də ehtiyatlı mövqedə olduğunu gizlətməyib.
Görüşdə, həmçinin prezident seçkilərindən danışıblar, Paşinyan prosesin normal aparılmasına çağırıb.