Nazir: “Bu il rəqəmsal televiziyaya keçid ili kimi də yadda qalacaq”.
“Bu il rəqəmsal televiziyaya keçid ili kimi də yadda qalacaq”. Modern.az-ın məlumatına görə, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu il analoq efirin son ili olacaq.
“2012-ci ildə rəqəmsal mühit artıq 90 faizə çatdırılıb. Yəni bu gün Azərbaycanın televiziya proqramları əhalinin təxminən 90 faizini əhatə edir. Amma 2-ci problem budur ki, əhalidə istifadə olunan televizorların çoxu analoqdur. Buna görə uyğun çevirici qurğu alınmalıdır, bunun da qiyməti təxminən 30- 50 manat arasındadır. Biz o vaxt tam olaraq analoq efirini dayandıracağıq ki, əhaliyə 100 faizli olaraq həm çevirici qurğular alınsın, bununla da onların rəqəmsal efirə çıxışı olacaq. Bir də onu qeyd etmək lazımdır ki, 2015-ci ildən sonra analoq televizorların istehsalı da dayandırılacaq və 2015-ci ildən sonra bütün dünya rəqəmsal yayıma keçəcək, amma bizim planımız 2013-cü ilədir”.
Yoxsullara pulsuz qurğu paylanacaq
Əli Abbasovun bildirib ki, aztəminatlı ailələrə çevirici qurğuların alınması təxminən 5 milyon ətrafında olan layihədir.
“Azərbaycanda bu gün 120 mindən çox ailə ünvanlı maddi yardım alır, yəni bunlar əhalinin yoxsul hissəsi hesab olunur, onlar üçün belə proqram nəzərdə tutulub. Hesab edirəm ki, Nazirlər Kabineti uyğun qərarı bu il verəcək”
Əli Abbasov qeyd edib ki, bu il elektron hökümət portalının “vahid pəncərə” prinsipi ilə işləməsi daha genişləndiriləcək.
“Artıq “ASAN” xidmətlər mərkəzi ilə birlikdə əhaliyə elektron xidmətlərin həm keyfiyyəti, həm sayı, həmçinin də “bir pəncərə” prinsipi ilə verilməsi daha geniş vüsət alacaq. Ən əsas məsələlərdən də biri 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə İKT üzrə Dövlət İnkişaf Fondu, həmçinin texnoparkların yaradılması üzrə qərarlar qəbul edilib. Bu il Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının yeni tip istehsal məhsullarının, həmçinin onun ixrac potensialının genişləndirilməsi üçün atılan addımlar ili olacaq”
Kosmosa çıxmağa az qalıb
Nazirin sözlərinə görə, kosmik proqramların həyata keçirilməsi istiqamətində bir neçə addımlar atılacaq.
“Kosmik sahədə həyata keçiriləcək proqramlar bunlardır: birinci telekommunikasiya peykinin orbitə çıxarılmasından sonra artıq ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üçün layihəyə başlanb ki, bu 2016-ci ildə nəzərdə tutulub. Yer səthinin müşahidəsi üçün Azərbaycanın süni peykinin orbitə çıxarılması üçün işlər başlanıb. Həmçinin də 2012-ci ilin ən böyük nəticələrindən biri kimi peyklərin idarə olunması üçün regional mərkəzlərin yaradılması olub ki, biz bunun fəaliyyətini genişləndirəcəyik. Yəni Azərbaycanda kosmik bazarlara çıxışının genişləndirilməsi üzrə bir çox işlər görəcəyik. Fransanın "Arianspace" şirkəti öz internet saytında elan edib ki, ilk suni peykin orbitə buraxılması fevralın 7-dən 8-ə keçən gecə olacaq. Amma müxtəlif səbəblərdən texniki, yaxud da hava şəraitindən asılı olaraq bir neçə gün yubana bilər. Hər halda biz təxminən hesab edirik ki, birinci ongünlükdə peyk orbitə buraxılacaq”-deyə, Ə.Abbasov qeyd edib.
Nazir nömrələrin daşınmasından da danışıb: “Rəsmi olaraq nömrələrin daşınmasına keçilib. Ancaq bütün operatorlar buna hazır olmalıdır. Təkcə mobil operator yox, həmçinin fiksə olan sabit telefon operatorları da. Onların bəziləri texnoloji hazırlığını çıxara bilmədiyi üçün bu yubanıb. Hər ay bu baş verə bilər. Hesab edirəm ki, bu aprelin 1-dən o tərəfə qalmayacaq”.
Aytən ƏLİYEVA