Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası bu gün başlayır. Modern.az xəbər verir ki, bu gün başlayan sessiya 4 gün davam edəcək. Yanvarın 23-də sessiyada Azərbaycanla bağlı məsələlərin müzakirəsinə baxılacaq. AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətindən Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.
Nümayəndə heyətinin tərkibinə millət vəkilləri Əli Hüseynli, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Fazil Mustafa daxildir.
İclaslarda Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər. Bununla yanaşı, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı da iştirak edəcəklər. Azərbaycanla bağlı dinləmələrdə ilk növbədə, məruzəçi Ştrasserin hesabatı dinləniləcək. Azərbaycanla bağlı dinləmələr əsasən sonuncu əfv, ölkədə nə qədər siyasi məhbus qalması ətrafında müzakirələr aparılacaq. Nigar Yaqublu, Hilal Məmmədov, jurnalist Fuad Hüseynov, Əvəz Zeynallı, Nemət Pənahlının məsələlərinə baxılacaq. Bundan başqa, insan haqlarının durumu, Azərbaycanda söz azadlığı və s. Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsinə dair hesabat müzakirə olunacaq.
Qeyd edək ki, sessiyanın gündəliyinə AŞPA-nın prezident və vitse-prezidentlərinin seçilməsi, Kosovoda vəziyyət, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, “Gürcüstan və Rusiya: münaqişə zonalarında humanitar vəziyyət” adlı hesabat, Avropada azad media ilə bağlı vəziyyət, gender bərabərliyi, əmək miqrantlarının traffikinqi kimi məsələlər daxildir.
Sessiyada Gürcüstan prezidenti Mixail Saakaşvili, Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissarı Ştefan Füle və İtaliyanın ədliyyə naziri Paolo Severino çıxış edəcəklər.
Nihadə Eyyubova