Modern.az

Həbs olunan “Binə” ticarətçiləri vəkildən imtina ediblər

Həbs olunan “Binə” ticarətçiləri vəkildən imtina ediblər

21 Yanvar 2013, 12:31


“Binə Ticarət Mərkəzində keçirilmiş aksiyada saxlanılanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. İnsanlara cəza kəsməklə onları qorxutmaq istəyirlər. Ticarət mərkəzində baş verən aksiyanın kökündə bir məsələ durur - korrupsiya ”.   

Bu barədə Modern.az-a  REAL hərəkatının sədri İlqar Məmmədov deyib. O, bildirib ki, aksiya edənlərin heç bir günahı yoxdur.

“Hadisə baş verəndə mən və bir neçə vəkil ora yollandıq. Mən orda ticarətlə məşğul olan insanlardan soruşdum, məlum oldu ki, onlar kassa aparatlarının qoyulmasına da etiraz etmirlər. Sadəcə, orada dövlətin korrupsiya sisteminə bağlı sistem qurulub. Ticarətçilərin kassa aparatları quraşdırmaq istəmələrinə baxmayaraq, onlardan əlavə aylıq yerhaqqı tələb olunur. Yerpulunun qaldırılması onların narazılığına səbəb olub. Təbii ki, bu da ticarətçilərə iki, üç qat yük deməkdir. Ona görə də onların tələbləri haqlıdır”.

Hərəkat sədri onu da bildirib ki, insanlara cəza kəsməklə onları qorxutmaq istəyirlər. Onun sözlərinə görə, məsələ diqqətdə saxlanılacaq:

“Bizim REAL hərəkatının insan haqları ilə məşğul olan vəkili Xalid Bağırov həmin məsələnin  hüquqi tərəfi ilə maraqlanır. O, Polis bölməsinə də getmişdi. Bu məsələni diqqət mərkəzində saxlayırıq”.

Vəkil Xalid Bağırov isə Modern.az-a açıqlamasında bildirib ki, aksiyada tutulanlar məsələnin ciddiliyini qəbul etmədiklərindən vəkil tutmaq istəmirlər. Onun sözlərinə görə, həmin insanlar vəkil tutmaqla dövləti qızışdırmaq istəmirlər. Xalid Bağırov onu da deyib ki, real həbslər gedəndən sonra onlar vəkil tutmaq istəyəcəklər:

“Hadisə olan kimi mən və iki vəkil aksiya baş verən yerə getdik. Polis İdarəsinin qarşısında saxlanılanların qohumları ilə danışdıq. Çox təəssüf ki, insanlar baş verən hadisələrin nə qədər ciddi olacağını anlamırdılar. Elə düşünürdülər ki, tutulublarsa,  bir neçə saatdan sonra bu və ya digər vasitə ilə buraxılacaqlar. Ona görə də vəkil tutmağa maraqlı deyillər. Bəlkə də vəkil tutmaqla dövləti qızışdırmaq istəmirlər. Yəqin ki, bu gündən sonra hansı ki, real həbslər gedəcək onlar vəkil tutmaq istəyəcəklər”.

Binə və Sədərək  Ticarət mərkəzlərində belə hadisənin ilk olmadığını bildirən vəkil onu da qeyd edib ki, hadisələr ticarət mərkəzlərinin Əzizbəyov ərazisində yerləşdiyi andan başlayıb. Onun sözlərinə görə, həmin insanlara qarşı edilən ardıcıl qanunsuzluqlar və ədalətsizliklərin nəticəsidir ki, 19 yanvardakı belə aksiya baş verdi:

“Bu hadisələr boş yerdən başlamayıb. Həmin insanlar durduğu yerdə hərəkətə gəlmirlər. Bunun səbəblərini tapılmalı və aradan qaldırılmalıdır. Hətta həmin ticarət mərkəzlərində yüzlərlə insan dələduzluğun nəticəsində əziyyət çəkib”.

Saxlanılanlar barəsində həbs-qətimkan tədbirinin seçilməsinin gözlənilən olduğunu deyən Xalid Bağırovun sözlərinə görə, bununla bağlı istintaq gedəcək və onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. Vəkilin fikrincə, bu gözlənilməyən bir şey deyil.

Məsələni diqqətdə saxlayacaqlarını söyləyən Xalid Bağırov onu da bildirib ki,  bununla bağlı sabah mətbuat konfransı da təşkil ediləcək.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi