“Binə Ticarət Mərkəzində keçirilmiş aksiyada saxlanılanlar barəsində Cinayət Məcəlləsinin 221-2.1, 221-2.2, 221-3, 315-2 maddələri ilə cinayət işi açılıb.
Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bildirib ki, cinayət işinin başlanması hələ ayrı-ayrı şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnəcəyi demək deyil. O bildirib ki, ilk növbədə bu məsələlər ciddi araşdırılmalıdır. “Bir qrup xırda və orta sahibkardan tutulan vəsaitlərin nə üçün yığıldığı müəyyənləşdirilməlidir. Müəyyən edilməlidir ki, bu rüsumlar qanunvericiliyə uyğun toplanırmı? Eyni zamanda bu vəsaitlərin toplanması rəsmiləşdirilməlidirmi? Çox təəssüf ki, “Binə” Ticarət Mərkəzində bu məsələ həll edilmir. Hər dəfə də vəsaitin məbləğinin artırılması oradakıların narazılığına gətirib çıxardır. Eyni zamanda orada mülkiyyət münasibətlərin doğru-düzgün tənzimi ilə bağlı məsələlərdə xeyli qarışıqlıq var idi. Bu məsələlərə aydınlıq gətirilməlidir. Şübhəsiz, hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi araşdırmalarını edirlər və bunlara müəyyən açıqlamalar gətiriləcək”.
Ə. Nuriyev qeyd edib ki, bütövlükdə proseslərin içərisində olmadığı və müşahidə etmədiyi üçün deyə bilməz ki, orada hansı tərəf qanunvericiliyin tələblərini pozub və ya pozmayıb. “Ümumilikdə onların hərəkətləri ilə bağlı cinayət işinin doğru və ya yanlış qaldırılması barədə bir söz demək istəməzdim. Çünki materiallarla tanışlığım yoxdur, eyni zamanda səlahiyyətli deyiləm. Sözsüz ki, bu məsələlər ciddi araşdırılmalıdır. Açıq-aşkar görünür ki, sahibkarları çox hallarda o qədər məcbur edirlər ki, qeyri-qanuni ödənişlər etməyə, onlar artıq məcbur olub bu etirazı göstərirlər. Sadəcə araşdırılmadan nəticə ilə bağlı uyğun qiymətləndirməni aparmamalıyıq. Bu məsələlər sonuna qədər obyektiv olaraq hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır”, – deyə hüquqşünas vurğulayıb.
Aytən Əliyeva