Rusiya nümayəndə heyəti martın 2-də axşam saatlarında danışıqların yeni raundu üçün Belarusa gedəcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Prezidentin köməkçisi Vladimir Medinski nümayəndə heyətinə rəhbərlik edəcək.
Qeyd edək ki, fevralın 28-də Belarusun Qomel şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüş təxminən 6 saat davam edib.
Danışıqlarda Rusiyanı prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil edib.
Ukraynadan görüşə müdafiə naziri Aleksiy Reznikov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, xarici işlər nazirinin müavini Nikolay Toçitski, Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak, Ali Radanın deputatı Rustem Umerov və Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin qatılıb.