Modern.az

Siyasi yazarlar partiyaların mətbuat xidmətlərini xarakterizə etdi

Siyasi yazarlar partiyaların mətbuat xidmətlərini xarakterizə etdi

Media

21 Yanvar 2013, 15:01

Azərbaycan jurnalistikasında siyasətdən yazan jurnalistlər öz fəaliyyətlərində partiyaların mətbuat xidmətləri ilə əlaqə saxlayırlarmı? Hansı partiyanın mətbuat xidmətinin işi qənaətbəxşdir?

Modern.az siyasi yazarlardan bu suala cavab istəyib.

Yeni Azərbaycan” qəzetinin siyasi yazarı Nurlan Qələndərli bildirdi ki, partiyalarda YAP mətbuat xidməti daha aktiv, operativ və fəaldır.
“Siyasi yazarlar öz analitik fəaliyyətlərində bu və ya digər şəkildə mətbuat xidmətləri ilə əlaqə saxlayırlar. Xüsusilə siyasi proseslərin aktiv təmsilçisi olan partiyaların mətbuat xidmətləri ilə əlaqə mühüm əhəmiyyət kəsb edir. Siyasətdən yazan jurnalistlər də partiyaların mətbuat xidmətlərinə istinad edirlər. Partiyaların mətbuat xidmətlərinin informasiyanı cəmiyyətə çatdırmasında aktiv olması işimizi yüngülləşdirir və siyasi gündəmin formalaşmasına töhfələr verir. Biz daha çox hakim partiyanın mətbuat xidməti ilə daha çox əlaqə saxlayırıq. Çünki bu gün Azərbaycan cəmiyyətində mövcud olan siyasi proseslərdə YAP xüsusi rol oynayır”.

“Yeni Müsavat” qəzetinin siyasi yazarı Azər Rəşidoğlu bildirdi ki, daha çox müxalifət partiyalarının mətbuat xidmətləri ilə əlaqə saxlayır.
“Hər hansı material hazırlayarkən, zərurət yarandıqda partiyaların mətbuat xidmətləri ilə əlaqə saxlayıram. Onların məlumatlarından faydalanmaq istəyirəm və çox zaman da buna nail oluram. Məqalənin mahiyyəti və mövzusundan asılı müxtəlif partiyaların mətbuat xidmətləri ilə danışıram. Ən çox əməkdaşlığım müxalifət partiyalarının mətbuat xidmətləri ilə olur. Zərurət yaranarsa, YAP, Ana Vətən Partiyası və digərləri ilə də əlaqə saxlayıram. Birbaşa müraciət edərək hər hansı informasiya ala bilirəm”.

Azadlıq” qəzetinin əməkdaşı Alı Rza: “Biz partiyaların mətbuat xidmətləri ilə əlaqə saxlayırıq”.

“Olaylar” qəzetinin siyasi şərhçisi Elman Cəfərli: “İnternetin inkişafı, insanların həyatında sosial şəbəkələrin rolunun artması ilə əlaqədar partiyaların mətbuat xidməti də iş metodunu dəyişib. Siyasi yazarlar əvvəllər mətbuat xidmətləri ilə telefonla əlaqə saxlayardılar. İndi əksər siyasi partiya fəalları sosial şəbəkələrdədir. Onlar partiyalarının fəaliyyəti haqqında xəbərləri, video çarxları yerləşdirilər. Bu məsələdə daha fəal VHP-dən Samir Əsədlidir. AXCP sözçüsü Natiq Ədilov da sosial şəbəkələrdə aktivdir, partiyasının PR-nı yaxşı qurur. Suallara da operativ cavab verir. Müsavatdan Səxavət Soltanlı mətbuat xidmətinin funksiyasını yerinə yetirir. Son zamanlar müxbirlər Mehman Cavadoğlu ilə əlaqə saxlaya bilmirlər. Yəqin işləri çoxdur. Ədalət partiyasından Mütəllim Rəhimlinin, ADP-dən Nurəddin İsmayılın fəaliyyəti qənaətbəxşdir. YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev mediaya açıq şəxsdir. KXCP mətbuat xidmətinin işini də effektli saymaq olar”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi