Modern.az

Deputatdan açıqlama: “Rusiya “Cənub axını”nı üçün Azərbaycan qazına ehtiyac duyur”

Deputatdan açıqlama: “Rusiya “Cənub axını”nı üçün Azərbaycan qazına ehtiyac duyur”

21 Yanvar 2013, 15:57

“Rusiyanın Avropaya qaz ixracı üçün nəzərdə tutduğu “Cənub axını” və “Şimal axını” borularını doldurmaq üçün  əlavə   qaz lazımdır.  Ötən ilin nəticələrinə əsasən Rusiya təqribən 140 milyard qaz ixrac edib.   hər iki “axın”ı doldurmaq üçün  təxminan 300 milyard kub qaz lazımdır”. 

Bu sözləri AVRONEST Enerji Təhlükəsizliyi Komitəsinin sədri, Milli Məclisin deputatı Fuad Muradov Rusiyanın Avropaya qaz ixrac edəcək “Cənub axını”nın tikintisi ilə bağlı perspektivi Modern.az-a şərh edərkən bildirib. Deputatın sözlərinə görə, Rusiyanın “Cənub axını” layihəsinin əsas məqsədlərindən biri Ukraynadan yan keçməklə qazı Avropaya çatdırmaqdır.  “Kiyevin bu layihədən kənarda saxlanmasının  xüsusi səbəbi də bir neçə il əvvəl Ukrayna ilə yaranmış ciddi problem olub. O zaman Ukrayna ilə pisləşən münasibətlərə görə  Moskvanın tranzit imkanlarından imtina etməsi nəticəsndə Avropa ölkələrində qaz qıtlığı yaranmışdı. Qeyd etmək lazımdır ki, buna baxmayaraq Rusiya yenə  ixrac etdiyi qazın 80 faizini  Ukrayna üzərindən nəql edəcək. Bunun əsas səbəbi Ukrayna üzərindən qazın nəqlinin sərfəli və ucuz başa gəlməsidir. Eyni zamanda Yaxın Şərq  və Afrika ölkələrindən nəql olunan qaz  Rusiya qazına əsas rəqib sayılır”.

“Cənub axını” layihəsinin Azərbaycanın iqtisadi maraqlarına toxunması barədə gedən müzakirələrə gəlincə, deputat qeyd edib ki, texniki imkanlar baxımından Azərbaycanın öz qazını Türkiyə üzərindən Avropaya ötürmək üçün çox yaxşı imkanlara sahibdir. 

“Rusiyanın “Cənub axını” layihəsi üçün Azərbaycan qazının əhəmiyyəti var. Mən bayaq qeyd etdim ki,  Moskvanın hər iki borunun qazla təmin etmək üçün imkanları çatmır. Ona görə də “Cənub axını” üçün Azərbaycan qazı vacibdir.  Azərbaycan qazı olmasa “Cənub axını”nında qaz çatışmamazlığı ola bilər. Rusiya bizim qaza ehtiyac duyur”-deyə F. Muradov mühüm məqama aydınlıq gətirib.

Qeyd edək ki, 2012-ci  ilin dekabrın 7-də Anapa şəhərində “Cənub axını” layihəsinin tikintisinin təməli qoyulub. “Cənub axını” layihəsinin dəyəri 16 mrd. avro, nəqletmə gücü ildə 63 mlrd. kubmetrdir. Kəmərin 2015-ci ildə işə salınması gözlənilir. Layihə tam gücü ilə 2018-ci ildə işləyəcək. “Cənub axını” Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. “Cənub axını” Qara dəniz vasitəsilə Rusiyadan Bolqarıstana kimi uzanacaq. Daha sonra qaz kəməri iki hissəyə ayrılacaq. Bir qolu Serbiya, Macarıstan və Avstriya, digər qolu isə Yunanıstan və İtaliyadan keçəcək.

Qara dənizin dibi ilə çəkiləcək kəmərə Türkiyənin ortaq olması təklif olunsa da, Ankara bundan imtina edib. Türkiyədə hesab edirlər ki, Moskvanın iştirak etmədiyi Nabukkonun çəkilməsi daha rentabelli və iqtisadi cəhətdən sərfəlidir. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi