5 gün öncə “Ded Xasan” ləqəbli məşhur avtoritet Aslan Usoyanın sui-qəsd nəticəsində qətlə yetirilməsi diqqəti bir daha “qanuni oğrular”a yönəltdi.
“Qanuni oğru” və ya “qanunda oğru” - dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan cinayətkarın fəxri adıdır. Kriminal aləmin bu titulu Rusiyada və Stalinin idarəçilik dövründə, yəni 30-cu illərdə yaranıb. Rusiyanı vətən seçən müxtəlif millətlərdən olan “qanuni oğrular”ın ümumi qəbiristanlığı da elə bu ölkədir. Bu günlərdə sui-qəsd nəticəsində öldürülən “Ded Xasan” ləqəbli Aslan Usoyanın qətl məkanı da Rusiya paytaxtı Moskva idi. Onun ölüsü belə, doğulduğu Gürcüstanda qəbul olunmadı və sonda Rusiyada dəfn edildi.
“Ded Xasan”
1937-ci ildə Tiflisdə anadan olmuş milliyətcə yezidi kürd Aslan Usoyan sabiq sovetlərin kriminal aləmində irəliləməyə başlamışdı və son illər ərzində Rusiyanın ən nüfuzlu “qanuni oğrusu” hesab olunurdu. Onun “Yaponçik” ləqəbli məşhur tərəfdaşı Vyaçeslav İvankov 2009-cu ildə qətlə yetirilib. Rusiya KİV-lərində deyilir ki, “Ded Xasan”ın əsas rəqibi kimi tanınan Tariyel Oniani bir o qədər də nüfuz qazana bilmədiyi üçün Rusiya kriminal aləmi Aslan Usoyan və ona qarşı olan “dağınıq və zəif” əleyhdarlar düşərgəsindən ibarət olub. Yalnız bu yaxınlarda Usoyana müxalif olan qüvvələr – azərbaycanlı Rövşən Lənkaranski (Rövşən Canıyev), Cemo Mikeladze və bir sıra digər fiqurların ətrafında birləşməyə nail olublar.
“Ded Xasan” bundan öncə bir neçə sui-qəsddən sağ çıxa bilib. “İzvestiya” qəzeti 1990-cı illərdə Usoyanla Rudolf Oqanov (Rudik Bakinski) arasındakı müharibədən yazır. O vaxtlar rəqib qrupun kirayələdiyi killer hədəfi vura bilməmişdi.
“Bir qədər sonra Moskva yaxınlığındakı kafedə Oqanovun özünün güllələməsi ilə “Ded Xasan” klanının üstünlüyü təsbit olunmuşdu”.
Usoyanın ölümü ilə bağlı rəqib qrupların liderlərinin adları arasında Rövşən Canıyevin adı da hallandırılır. Hərçənd ki, digər mənbədə bu versiyanın inandırıcı olmadığı deyilir. Bu ölüm ətrafında çox versiyalar var. Hazırda bunların hamısı təsdiq olunmamış versiyalardır və rəsmi istintaqın gedişatı barədə şərh verilməyib. Son zamanlar özünü “adi təqaüdçü” adlandıran Aslan Usoyan Rusiya paytaxtı yaxınlığındakı bağ evində yaşayaraq, ara-sıra çox saylı cangüdənlərin müşayiəti ilə Moskvada görüşlərə gedərmiş.
“Yaponçik”
Rusiyada öldürülən daha bir tanınmış “qanuni oğru” – “Yaponçik” ilk dəfə həbsə 26 yaşında düşüb. 1981-ci ildə növbəti dəfə tutulan İvankov 10 il sonra azadlığa çıxıb. Maraqlıdır ki, o vaxtlar "qanuni oğru"nun buraxılması üçün Rusiyanın ünlü müğənniləri, artistləri, hüquq müdafiəçiləri zəmanət vermişdilər. Həbsdən çıxdıqdan bir il sonra o, məşhur aktyor-rejissor Rolan Bıkovun çəkiliş qrupu ilə ABŞ-a uçub və həmin vaxtdan orada qalıb. ABŞ-da leqallaşması üçün "Yaponçik" hətta bir amerikalı qadınla nikaha girib.
Federal Təhqiqat Bürosunun versiyasına görə, "Yaponçik" 90-cı illərin əvvəllərində Amerikada rus mafiyasının lideri olub. O, ABŞ-da "Çara bank”ın rəhbərliyindən haqq aldığına görə həbs edilib və 9 il Amerikanın "Allenvud" həbsxanasında yatıb.
2004-cü ilin yayında Rusiyaya deportasiya olunan Vyaçeslav İvankov tezliklə burada həbs olunur. Ona qarşı iki türk iş adamını qətlə yetirmək maddəsi ilə ittiham irəli sürülür. Lakin məhkəmə "Yaponçik"ə bəraət verir. Vyaçeslav İvankovun Tariyel Oniani və Aslan Usoyanın "qanuni oğru" klanları arasında münaqişənin həllində iştirakı barədə məlumatlar səslənirdi. Bundan başqa, "Yaponçik" 2008-ci ilin payızında Moskva restoranlarından birində 12 avtoritetə "qanuni oğru" adı verilməsi mərasimində iştirak edib. İvankovun Nyu-Yorkun Bruklin səmtində peyda olması ilə keçmiş SSRİ-dən çıxanların sifarişli ölümləri kəskin şəkildə artmışdı. Federal Təhqiqat Bürosu bir müddət "Yaponçik"i izləsə də, həbs etməyə səbəb tapa bilmir. 1995-ci ildə belə səbəb tapılır: tanışları "Yaponçik"ə müraciət edərək pul problemini həll etməsini istəyirlər. Onların sözlərinə görə, "Çara-bank"la bağlı olan iki biznesmen onlardan iri məbləğdə pul aldıqdan sonra ABŞ-da gizlənib. "Yaponçik" biznesmenlərdən pulu qaytarmalarını tələb edir və ilişir. 1997-ci ildə ABŞ məhkəməsi rusiyalı avtoritetə 9,7 il iş kəsir.
Vyaçeslav İvankov 2009-cu il iyulun 28-də naməlum şəxslər tərəfindən Moskvada güllələnib. Avtoritetə Xoroşevski şossesi, 25 ünvanında yerləşən "Tayskiy slon" restoranından çıxan zaman atəş açılıb. "Qazel" avtomobilində gizlənən killer təxminən 70 metrdən "Draqunov" tipli snayper tüfəngi ilə onun qarnından vurub. Bir neçə mürəkkəb cərrahiyyə əməliyyatına baxmayaraq, kriminal avtoriteti xilas etmək mümkün olmayıb. O, uzun müddət Moskvadakı xəstəxanalardan birində müalicə edilsə də, oktyabrın 9-da səhər tezdən dünyasını dəyişib. Adətən xaricdə yaşayan "Yaponçik" sui-qəsddən bir neçə gün öncə Moskvaya iki qruplaşma arasındakı münaqişəni həll etmək üçün gəlibmiş. Vyaçeslav İvankov 2009-cu il oktyabrın 13-də Moskvadakı Vaqankov qəbiristanlığında dəfn edilib. İvankovun "Yaponçik"dən də başqa ləqəbləri var: "Yaponiyalı", "Assuriyalı yeznə", "İvanes"...
“Lotu Hikmət”
Hələ 2003-cü ildə Rusiyanın paytaxtında daha iki məşhur azərbaycanlı lotu güllələnsə də, Hikmətə əl qaldırılacağı ağla gətirilmirdi. Belə ki, Hikmət Muxtarov Rusiyanın kriminal aləmində çox böyük nüfuza malik olmaqla bahəm, Moskvadakı azərbaycanlılar arasında adla tanınan şəxslərdən biri idi. O, yanına yardım və kömək üçün gedənləri əliboş qaytarmayan adam kimi məşhurlaşmışdı. Buna görə də Moskvanın Leninqrad şosesi, 12 ünvanda yerləşən yaşayış evinin həyətində baş vermiş qətllə bağlı suallara hələ də cavab tapılmayıb. Həmin həyətdə Hikmət Muxtarov güllələndi. Qatillər yeri dəqiq seçmişdilər. Belə ki, “Lotu Hikmət” qətlindən əvvəl bir neçə dəfə həmin həyətdə olmuşdu və deyilənlərə görə, orada görüşlər keçirir, nüfuzlu şəxslərlə müzakirələr aparıbmış. Binadakı ofis də “Lotu Hikmət”in hamiliyindəki şirkətlərdən birinin idi. Həmin məkan icarəyə götürülmüşdü. Hikmət ofisdən çıxaraq binanın yanında saxlanmış "Mercedess-500" markalı avtomobilinə oturarkən qəflətən avtomobilə tərəf qaçaraq gələn iki şəxs "Kalaşnikov" avtomatı və tapançalardan atəş açır.
Hikmət Muxtarov gülləbaranda başından və sinəsindən yaralar alır, elə oradaca keçinir. Onun mühafizəçisi Bayram Talıbov təcili yardımla xəstəxanaya aparılarkən dünyasını dəyişir, sürücü Mürvət Xəlilov isə sinəsindən ağır yaralanır. Qatillər avtomat silahı və tapançanı ataraq qaçmışdılar. Milis silahları gülləbaran yeridən 230 metr aralıda, binanın döngəsində tapır.
Müşahidə kameraları əvvəldən sındırılmışdı. Moskva Şəhər Daxili İşlər İdarəsinin əməkdaşları ilə söhbətləşdikdə onlar qətiyyətlə deyirlər ki, cinayətin çox ciddi şəkildə hazırlandığına şübhə etmirlər. Moskvanın Şimal Dairəsinin prokurorluğu da H.Muxtarovun çox ciddi şəkildə hazırlanmış sifarişli qətl nəticəsində öldürüldüyünə şübhə etmirdi. Və onlar haqlı idilər. “Lotu Hikmət”in güllələnməsi hələ 2003-cü ildə Moskvada törədilmiş iki sifarişli qətllə bilavasitə bağlı sayılır. Həmin ilin martında iki naməlum şəxs Kutuzov prospektindəki "Take" barına yaxınlaşmış, içəri girməmiş, elə vitrinin o üzündən atəş açaraq masa arxasında oturanları güllələmişdilər.
Peşəkar qatillər sonradan Rusiyanın kütləvi informasiya vasitələrində yanlış olaraq "Otar Batalov" kimi qələmə verilən “Lotu Ömər”lə (Ömər Bədəlov) iki çeçen "oğru"nu – "Artek" ləqəbli Artik Doçiyev və "Muslim" ləqəbli Muslim Xasanovu öldürmüşdülər. Həmin axşam o masanın arxasında əyləşmiş "Lotu Rafis", yəni Mütaris Hacızadə isə ağır yaralanmışdı. İki ay keçdi, "Peşera" gecə klubunda daha bir azərbaycalı “qanuni oğur - Lotu Seymur, yəni Mirseymur Abdullayev güllələndi. İki killer onunla dostu İlyas Babayevi elə klubun zalında qətlə yetirdilər. Hər iki cinayətdə iki killer vardı.
“Lotu Hikmət” keçmiş SSRİ-də sayılıb-seçilən klassik cinayətkarlardan biri olub. “Lotu Bəxtiyar”, “Yetim Hüseyn”, ”Donbalan Tofiq, ”Malış Söhbət”, Viktor Yulyeviç Nikiforov - “Kalina”, Otari Kvantrşvili – “Paşa”, “Sirul”, Slavnik, “Ded Olim” və s. “qanuni oğrular”la dostluq edib. Basilava Bəxtiyarın etibar və etimadını qazanan insanlardan biri olub. Moskvadakı azərbaycanlı kriminal aləmin liderlərindən biri “Lotu Hikmət” qətlə yetiriləndə yerli kriminal aləm şoka düşmüşdü. H. Muxtarovun günün günorta çağı güllələnə biləcəyini kimsə düşünməzdi.
Demək olar ki, “qanuni oğru”lara olan hücumların əksəriyyəti Moskva şəhərində baş verir. Bundan başqa şəhərlərdə qətlə yetirilən avtoritetlərdə var. Bu məqamlar bir daha sübut edir ki, “qanuni oğru” aləminə təkan verən Rusiya, həm də onların həyatına son qoyulan ölkə olur.
Anar Kəlbiyev