Azərbaycanda məktəblilər arasında tütündən istifadənin vəziyyəti araşdırılacaq. Bu barədə Modern.az-a Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev bildirib. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə 2011-ci ildə belə bir monitorinq 13-15 yaşlı məktəblilər arasında keçirildi.
“Təhsil Nazirliyi ilə sorğu keçirilərək məktəblərin siyahısı təsdiqlənir. Sorğular Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartları əsasında vahid metodologiya üzrə aparılır”.
Şöbə müdiri bildirib ki, ÜST-nin tütündən istifadənin vəziyyətinin öyrənilməsi ilə bağlı standartlarına uyğun olaraq, dünya ölkələrində 4 növ monitorinq keçirilir. Odur ki, Azərbaycanda da vaxtaşırı digər monitorinqlər aparılacaq.
Azərbaycan 2005-ci ildə Tütün İstehlakının Məhdudlaşdırılmasına dair Konvensiyaya qoşulub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. 2030-cu ilə qədər isə ölənlərin sayının 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır.
Gültəkin Ələsgər