Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Gündəlikdə görülən işlər, qərarların icrası, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlər müzakirə olunub.Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görülən işlər bölümündə İctimai Palata çərçivəsində 20 Yanvar günü Şəhidlər Xiyabanının ziyarətinin yüksək səviyyədə baş tutması, eyni zamanda hakimiyyətin 20 Yanvardan öz dar siyasi maraqları üçün sui-istifadə etmək cəhdləri haqda fikir mübadiləsi aparılıb.
Partiyadaxili məsələlərin müzakirəsi zamanı keçirilmiş zona müşavirələri haqda məlumat dinlənilib və planlaşdırılan müşavirələrin tarixləri dəqiqləşdirilib. Daha sonra məlum Lənkəran hadisələri ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, prokurorluğa rəsmi müraciət edilsə də bu günədək heç bir istintaq hərəkəti aparılmayıb.
Müsavat Partiyası ictimaiyyətin diqqətini bir daha bu məsələyə cəlb edir və müvafiq orqanlardan həmin hadisəni obyektiv araşdırmağa və günahkarların aşkarlanaraq cəzalandırılmasını tələb edib.
“Binə” ticarət mərkəzində işləyən sahibkarların yanvarın 18-də keçirdikləri aksiya ilə bağlı geniş müzakirə aparılıb. Həmin hadisə ilə bağlı Müsavat Partiyası ayrıca bəyanat verdiyi bildirilib. Qeyd edilib ki, sahibkarların etirazı tamamilə haqlıdır.
Sonda cari məsələlərə baxılıb.
Anar