Rusiyanın Buryatiya Muxtar Respublikasında valideynləri tərəfindən atılan üç azyaşlı uşaq millət vəkili Aydın Mirzəzadənin təşəbbüsü ilə vətənə gətiriləcək. Bu barədə Modern.az-a deputat özü məlumat verib. Millət vəkilinin sözlərinə görə, azərbaycanlı uşaqların Rusiyada valideynləri tərəfindən küçəyə atılması xəbərindən sonra o, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib.
“Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini hörmətli Aynur xanım Sofiyeva ilə əlaqə saxlamışdım. O xaricdə yaşayan, bu taledə olan uşaqlarla bağlı daim ciddi iş apardıqlarını və məsələ ilə bu andan məşğul olacağını bildirmişdi. Bu gün mənə komitədən sektor müdiri zəng edərək, Buryatiya ilə əlaqə saxladıqlarını və o iki qız və 5 yaşlı daha bir azərbaycanlı oğlan uşağının Azərbaycana gətirilməsi üçün müvafiq işlərin aparıldığını bildirdi. Bildirildi ki, komitə vatxaşırı belə məsələlərlə məşğul olur və birbaşa komitə rəhbərlərinin nəzarətində olur”, - deyə YAP-çı deputat bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Buryatiya Respublikası hakimiyyəti valideynləri tərəfindən atılmış iki azərbaycanlı qız barədə məlumat yayıb. Bildirilib ki, Göyçay şəhər sakinləri 1999-cu il təvəllüdlü Cəbrayılova Yaqut Tələt qızı və 2002-ci il təvəllüdlü Həmidova Ayişə Tələt qızı valideynləri tərəfindən tərk ediliblər.
Anar Rüstəmov