Dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib. Ukraynada baş verən dağıdıcı hadisələr, çoxsaylı insan ölümləri, Rusiya prezidenti Vladimir Putinin dünyanı "nüvə terroru" ilə təhdid etməsi bəşəriyyətin əndişəsini artırıb.
Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsi dünyanın bir parçası olan Azərbaycana da təsirsiz ötüşmür. Uzun illərdir işğaldan əziyyət çəkən, qaçqın-köçkün problemi yaşayan Azərbaycan xalqı müharibənin nə olduğunu yaxşı bilir.
Hadisələrin sonunun necə olacağı barədə müxtəlif proqnozlar, rəylər səsləndirilir. Bəs Azərbaycandakı siyasi partiyalar Rusiya-Ukrayna müharibəsilə bağlı nə düşünür?
Müsavat Partiyasının başqanı Arif Hacılı Modern.az-a bildirib ki, Rusiya beynəlxalq hüquq normalarını kobud sürətdə pozaraq Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə qəsd edib:
“Rusiyanın orada apardığı işğal siyasəti, Ukraynanın bütün ərazilərinə zərbələr endirməsi, Kremlin beynəlxalq hüquqla hesablaşmaması dünyanın təhlükəsizlik sisteminə zərbə vurması kimi dəyərləndirilməlidir”.
A.Hacılı partiyasının bu məsələni qiymətləndirməsindən danışıb.
“Musavat Partiyası Rusiyanın apardığı bu müharibəni işğalçı bir hərəkət kimi qiymətləndirir. Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təcavüz kimi qiymətləndirir.
Rusiya hərbçilərinin Ukraynada apardığı müharibə və hərbi cinayətlər nəticəsində minlərlə dinc sakin həlak olub. Milyona yaxın ukraynalı öz vətənini, daimi yaşayış məkanını tərk etməyə məcbur olub. Ancaq bütün dünyanın, hətta rus xalqının etirazlarına baxmayaraq, Putin hakimiyyətinin reallığa tamamilə zidd olan əməlləri, təəssüf ki, bundan sonra da ciddi dağıntılar və insan ölümlərinə səbəb olacaq”-deyə partiya sədri bildirib.
A.Hacılı xatırladıb ki, Putin hücumların fiziki şəxslərə qarşı yox, hərbi obyektlərə qarşı olduğunu desə də, Ukraynadan fərqli xəbərlər gəlir. Bu xəbərlərdə 2000 mülki şəxsin həlak olduğu bildirilir:
“Hətta, bu münaqişədə 10 mülki azərbaycanlı həlak olub ki, onların sırasında uşaq və qadınlar da var. Tək öz soydaşlarımızdan 10 nəfərin həlak olması göstərir ki, Ukraynada çox sayda mülki şəxs həlak olub.
Məsələnin müsbət tərəfi ondan ibarətdir ki, dünya birliyi, o cümlədən Azərbaycan xalqı Rusiyanın apardığı işğal hərəkatını qətiyyətlə pisləyir. 38 dövlət bu hərbi cinayətlərlə bağlı Beynəlxalq Məhkəməyə müraciət edib. Biz Ukrayna xalqının beynəlxalq aləmin dəstəyi nəticəsində qalib gələcəyinə inanırıq. Bu müharibə Putin rejiminin süqutu, Rusiyanın işğalçı siyasətinin qarşısının alınması ilə nəticələnəcək”.
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirib ki, Rusiya və Ukrayna arasındakı gərginliyi məhz müharibə kimi dəyərləndirmir:
“Hesab edirəm ki, bu, Ukraynadakı faşist elementlərinə qarşı xüsusi bir hərbi əməliyyatdır. Heç kimə sirr deyil ki, Qərbin sözü ilə oturub-duran Ukrayna prezidenti artıq beynəlmiləl briqadanı ölkəsinə dəvət edib. Orada əsas əziyyət çəkən yerli əhalidir. Əhaliyə şəhərlərdən çıxmağa icazə vermirlər. Onların arxasında dayanaraq, bu hadisələrin davam etməsi, daha çox qanların tökülməsi üçün şərait yaradırlar. Əgər Rusiya müharibə aparırsa, niyə məhz ancaq hərbi obyektləri vurur? Niyə şəhərləri dağıtmır?
Ona görə də, hesab edirəm ki, Rusiya-Ukrayna qarşıdurması Qərbin planları əsasında gedən prosesdir. Rusiyanın orada apardığı əməliyyat məhz Ukraynada formalaşmış faşist elementlərindən azad olunma əməliyyatıdır. Bunu mən Rusiya-Ukrayna müharibəsi adlandırmıram. Bu, iki slavyan xalqı arasında qarşıdurma yaradan qüvvələrin müharibəsidir. Burada günahkarlar iki qardaş xalq arasında qarşıdurma yaradanlardır”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, müharibə başlayandan dərhal sonra rəsmi olaraq məlumat yayıblar:
“Biz bunu Rusiya tərəfindən aparılan işğalçı müharibə, təcavüz kimi qiymətləndiririk. Eyni zamanda, biz təcavüzə məruz qalan Ukraynanın yanında olduğumuzu bəyan etmişik. Putin Rusiyasının təcavüzünün dayandırılması və təcavüzkarın cəzalandırılmasını tələb edirik. Azərbaycan hökumətini də beynəlxalq hüququn, haqq-ədalətin və Türkiyənin yanında olmağa çağırmışıq.
Bu müharibə ilə bağlı dəfələrlə mənim və partiyamızın digər nümayəndələrinin fikirləri yayılıb. Ukraynada yaşayan minlərlə soydaşımız da ağır vəziyyətə düşüb. Onların da həyatını, təhlükəsizliyinin qorunmasını tələb etmişik. Beynəlxalq aləmin, ayrı-ayrı dövlətlərin və Azərbaycanın mövqeyinə dəfələrlə münasibət bildirmişik. Bu mövqeylərimizdə də dayanırıq. Ukraynaya dəstək mitinqində də partiyamızın üzvləri iştirak edərək, öz dəstəyini bildirib”.
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib ki, Rusiya-Ukrayna müharibəsi fevralın 21-də Rusiyanın beynəlxalq hüququ kobudcasına pozmasından törəyən bir məsələdir:
“Əvvəlcə Donetsk və Luqansk kimi qondarma respublikalar tanındı. Fevralın 24-də də Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi əməliyyatı başladı. Bu münaqişədə haqlı tərəf təbii ki, Ukraynadır. Bütün dünya bunu bilir və Ukraynanı müdafiə edir. Ancaq qüvvələr nisbəti qeyri-mütənasib olduğu üçün Rusiyaya qarşı sonacan müqavimət göstərməsi çox çətindir”.
Partiya sədrinin sözlərinə görə, bu münaqişə hər şeydən əvvəl onu göstərdi ki, Azərbaycan hökuməti II Qarabağ Müharibəsində və ondan sonrakı dövrdə müdrik siyasət yeritdi:
“Rusiyanın xarakter potensialını nəzərə alaraq onun bizi qıcıqlandıran addımlarına səbrlə, müdrikliklə yanaşdıq. Nəticədə, biz Azərbaycanın rəsmi suverenliyini, ərazi bütövlüyünü təmin edə bildik. Ermənistanı əsas müttəfiqi olan Rusiyanın köməyindən məhrum etdik. Nəticədə Ermənistan ağır məğlubiyyətə uğradı. Bundan sonra da Azərbaycanın siyasəti yeganə ağıllı siyasət olacaq. Mən hesab edirəm ki, həm ikinci Qarabağ müharibəsi, həm də Ukrayna-Rusiya müharibəsini araşdıranlar o nəticəyə gələcəklər ki, Rusiya kimi dövlətlərlə düzgün siyasət Azərbaycan hakimiyyətinin qurduğu siyasətdir”.
“Təkcə II Qarabağ Müharibəsinin gedişindəki hərbi əməliyyatlar deyil, eyni zamanda Azərbaycan Prezidentinin düzgün diplomatik addımları, Azərbaycan diplomatiyası da bundan sonra bütün dünya tərəfindən öyrəniləcək”-deyə A.Səmədov əlavə edib.
Turqay Musayev