Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini, hazırda həbsdə olan Nigar Yaqublunun işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Bu barədə Modern.az-a Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib. O bildirib ki, Abşeron rayon Məhkəməsi edilən apellyasiya şikayətini Sumqayıt Apellyasiya Məhkəməsinə göndərib.
“Abşeron Rayon Məhkəməsi ayın 18-də işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərib. Bundan sonra hazırlıq iclasının vaxtı müəyyəm ediləcək, ondan sonra məhkəmə araşdırma aparacaq”, -deyə bildirən T.Yaqublu Nigar Yaqublunun durumunun yaxşı olduğunu vurğulayıb:
“Nigarla həftədə bir dəfə görüşə bilirik. Durumu normaldır, saxlanma şəraitindən şikayəti yoxdur. O da bizim kimi bu işlərin sonunu gözləyir ki, görək necə yekunlaşacaq. Amma durumu yerindədir. O mətbuatı mütəmadi olaraq izləyir. Vəkilləri onunla tez-tez görüşürlər”.
Qeyd edək ki, Nigar Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən yol qəzasında təqsirli bilinərək Abşeron rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə məntəqə tipli həbs cəzasına məhkum edilib.
Anar RÜSTƏMOV