Modern.az

Rüstəm İbrahimbəyova sərt mesaj: “Üçüncü qüvvə” Rusiyanın maraqlarına xidmət edir”

Rüstəm İbrahimbəyova sərt mesaj: “Üçüncü qüvvə” Rusiyanın maraqlarına xidmət edir”

22 Yanvar 2013, 13:07

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Azərbaycanda Rusiyameylli dairələrin hakimiyyətə gəlmək istədikləri barədə, onun digər deputat həmkarı Fuad Muradov isə Rusiyanın “Cənub axını” layihəsini reallaşdırmaq üçün Azərbaycan qazına möhtac olması barədə açıqlamaları ilə dolaysı yolla Moskvanın Bakıya təzyiq elementlərinə işarə ediblər.

Bu mesajlar Kremlin yeni təhlükələrindən xəbər verirmi?  Məsələyə münasibət öyrənmək üçün politoloq Qabil Hüseynliyə müraciət etdik. Modern.az-a açıqlamasında siyasi şərhçi bildirdi ki, Rusiya hazırda, müxtəlif üsul və vasitələrlə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda öz nüfuz dairəsini genişləndirmək istəyir.

“Rusiya sözsüz ki, Azərbaycan əleyhinə müəyyən planlar hazırlayır. Ermənistanda və Şimali Qafqazda silahlı qüvvələrin sayının artırılması, Xəzər dənizində hərbi donanmanın sayca və keyfiyyətcə genişləndirilməsi Rusiyanın Cənubi Qafqazda fəallığının artırılmasına və müəyyən məqsədlər güdməsinə dəlalət edir. Son vaxtlar Rusiya Azərbaycanla bağlı bir sıra planlar həyata keçirməyə başlayıb. Bunların bir qismi məxfidir, biz onların hamısını öyrənə bilməmişik. Ancaq bəziləri açıq şəkildə özünü göstərir. Məsələn, Rusiya öz ölkəsində Azərbaycan diasporunu parçalamağa çalışdı və qismən də buna nail oldu. “Milyarderlər ittifaqı” yaranması da əslində Rusiyanın gələcəkdə bəzi planlarının həyata keçirilməsi üçün yaranmış bir təşkilatdır. Bidzina İvanaşvilli də vaxtilə Rusiyada milyonçu idi, tədricən Gürcüstanda möhkəmlənib parlament seçkilərində qalib gəldi”.

Politoloqun fikrincə, “Üçüncü qüvvə” kimi təqdim olunan cəbhə əslində Rusiyanın maraqlarına xidmət edir.  
“Rusiya Azərbaycanın daxilində də gərginlik yaratmaq üçün müəyyən siyasi qüvvələrə təsir etməyə çalışır. Onları təşkilatlandırmağa səy göstərir. Bir sıra şəxslər patriotik şüarlar səsləndirməklə, guya Azərbaycanda dəyişikliklərin zəruri olduğunu bəyan etməklə, bunun nəticəsinə demokratik hakimiyyətin qurulmasını vəd edirlər. Əslində isə Rusiyanın təsirini ölkədə yaymağa çalışırlar. “Üçüncü qüvvə” adı ilə meydana çıxmağa çalışan dairələr daha çox Rusiya yönümlüdürlər. Çünki ölkəmizdə siyasiləşmiş və sərbəst, müstəqil fəaliyyət göstərən qüvvələr çox azdır, hətta yox dərəcəsindədir. Buna görə də digər, siyasiləşməmiş şəxsləri öz üçüncü qüvvələrinə cəlb etmək cəhdləri olur. Bu qüvvəyə “təşrif gətirən” şəxslər məşhur, tanınmış adamlar da ola bilər”.

Qabil Hüseynli onu da qeyd etdi ki, Rusiyanın Azərbaycana qarşı dağıdıcılıq planları o qədər də uğurla nəticələnməyəcək. Çünki Azərbaycan Rusiyanın təsir imkanlarını azaltmaq üçün Avropa və Amerika ilə sıx əməkdaşlıq edir.

“Rusiya müxtəlif siyasi fəndlərə əl ataraq, Azərbaycana qarşı təsir göstərmək niyyətindədir. Amma mən bunun uğurlu ola biləcəyini güman etmirəm. Bunların içərisində Ermənistanın sürətlə silahlandırılması Azərbaycan üçün təhlükəli variant sayıla bilər. Azərbaycanın hərbi potensialının gücləndirilməsi nəticəsində pozulmuş paritetin bərpa etmək olar. Bölgədə “isti” müharibənin başlanması variantını istisna etmək olmaz. Buna görə də Azərbaycan müəyyən tədbirlər görməyə başlayıb. ABŞ və Avropa ölkələri ilə bu istiqamətdə danışıqlar aparılır. ABŞ xüsusi nümayəndəsinin Azərbaycana gələrək, hərbi əməkdaşlığın strateji səviyyəyə qaldırmaq haqqında danışıqlar aparması yaxın vaxtlarda iki ölkə arasında silah mübadiləsi və Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə dair hərbi siyasi sənəd imzalana bilər. Bir sözlə, bölgə uğrunda ciddi mübarizə gedir və bunu qızışdıran Kremldir, Moskva burda məkrli niyyətlər güdür”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi