Modern.az

XİN-lə Dövlət Komitəsinin birgə işi, BİRLİK və sığınacağa çevrilən AZƏRBAYCAN EVLƏRİ 

XİN-lə Dövlət Komitəsinin birgə işi, BİRLİK və sığınacağa çevrilən AZƏRBAYCAN EVLƏRİ 

Diaspor

4 Mart 2022, 14:30

Milli birlik nümunəsi…

 

Son illərin müşahidəsi göstərir ki, Dünya Azərbaycanlılarının bir-birinə bağlılığı, həmrəyliyi, istiqanlığı daha da güclənir. Bunu planetimizi bürüyən pandemiya bəlasına qarşı müharibə və Azərbaycanın şanlı qələbəsininin dünyaya çatdırılması işində aydın şəkildə gördük. Artıq bütün dünyada azərbaycanlılar harada yaşamasından asılı olmayaraq öz sözünü deməyi, xarici ölkələrdə birliyini nümayiş etdirməyi bacarır.

 

Son günlər Ukraynada baş verən hadisələr də bunun əyani sübutudur. Müharibə şəraitində Azərbaycan Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti bu məsələdə öz əvəzsiz bəhrəsini verməkdədir. Bir çox ölkələrdən fərqli olaraq Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi, vətəndaşlarımızın üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində çox böyük işlər görülür.

 

Dövlət başçısının tapşırığına əsasən XİN və Diasporla İş üzrə Dövlət Komitəsi gücləndirilmiş rejimə keçərək, Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə qoruyur. Bu xüsusda Azərbaycan Evlərinin xidmətini də xüsusilə qeyd etmək yerinə düşər.

 

Ukraynadan təxliyə olunan soydaşlarımız qonşu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərinə yerləşdirilməkdə dövlət qayğısı ilə əhatə olunurlar. Bu gün həm də onu deyə bilərik ki, xaricdəki Azərbaycan evləri vətəndaşlarımızın doğma sığınacağına çevrilib.

 

Bundan başqa, Xocalı soyqırımının 30 illiyi ilə bağlı dünyanın əksər ölkəsində keçirilən müxtəlif formalı tədbirlərdə də soydaşlarımızın nümunəvi hərəkətləri, Azərbaycan üçün canıyananlıqları qürur vericidir.

 

Azərbaycanın dövlət siyasəti yalnız daxildə deyil, xaricdə də həmvətənlərimizi Dəmir Yumruq ətrafında sıx birləşdirib.

 

Dövlət hər zaman öz vətəndaşının yanındadır...

 

 

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi barədə Modern.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda diaspor işinin təşkili daima diqqət mərkəzindədir:

 

Bu sahədə son dövrlərdə ciddi uğurların əldə olunması göz qabağındadır. Əslində diaspor fəaliyyəti milli maraqların milli sərhədlərdən kənarda müdafiəsi işinin təşkili kimi də başa düşülür. Hazırki qloballaşma şəraitində belə fəaliyyətin təşkili xüsusi bir zərurətə çevrilib. Yəni diaspor nümayəndələrimiz təkcə yaşadıqları ölkələrdə Azərbaycanı təmsil edən mədəniyyət elçiləri deyil, həm də yerli ictimai rəyi lehimizə formalaşdıracaq özünəməxsus missiya daşıyıcılarıdır.

 

Tarixi zəfərimizlə başa çatan Vətən müharibəsində biz diasporumuzun necə yüksək səviyyədə fəaliyyət göstərdiyinin şahidi olduq. Ukraynada baş verən hadisələr zamanı biz yenə də diaspor təşkilatlanmasının necə zəruri olduğunu bir daha gördük. Yaratdığı təsir dalğası ilə Şərqi Avropanın bir neçə ölkəsini əhatə edən bu prosesdə həmin ölkələrdə olan rəsmi səfirliklərimizlə diaspor nümayəndələrimiz arasında koordinasiya edilmiş fəaliyyət nəticə etibarilə Azərbaycan vətəndaşlarının həmin ölkələrdən vətənimizə gətirilməsi üçün zəmin yaratdı. Bu isə dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının Azərbaycan dövlətini, onun gücünü öz arxasında hiss etməsi deməkdir.

 

Azərbaycan evləri - xaricdəki soydaşlarımızın sığınacaq yeri...

 

 

“Birlik” Odessa diaspor təşkilatının sədr müavini Anar Ağazadə Ukraynada müharibənin davam etməsinə baxmayaraq, bu ölkədə yaşayan soydaşlarımızın həmrəylik göstərdiyini söyləyir:

 

“Hazırda Kiyev raket atəşinə tutulur, ciddi hücumlar olur. Demək olar ki, Azərbaycanın Ukraynadakı səfirliyinin fəaliyyəti çox məhduddur. Amma yenə də bizimlə səfirliyin əməkdaşları daim əlaqədədir, vətəndaşların təxliyəsində məsləhətləşmələr aparılır. Bununla bərabər Azərbaycanın Moldovadakı səfirliyi ilə də daim əlaqədə olur. Başda səfir Qüdsi Osmanov olmaqla, konsul Şəfa xanım və digər əməkdaşlar bacardıqları qədər vətəndaşlarımıza gün boyu xidmət göstərirlər.

 

Demək olar ki, həmin insanlar neçə gündür yatmırlar. On minlərlə azərbaycanlı onlarla birlikdə birlik nümayiş etdirir. Bir tərəfdən də bizim komitə gün boyu Ukraynanın bir çox bölgələrində fəaliyyət göstərən diaspor təşkilatlarla əlaqədədir, insanların təxliyəsi üçün ciddi şəkildə dəstək verir. Ukraynada müharibə gedir, hər şey xaotikdir, bilmirik ki, bu gün hara vurulacaq, haraya hücum olunacaq. Vətəndaşlarımız arasında çarəsiz, çıxılmaz vəziyyətdə olanlar üçün sığınacaq yerləri bizlərik. Bunun üçün Azərbaycan dövləti, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, səfirlik vətəndandaşlarımızın ümid yeri olaraq daim fəaliyyət göstərir, insanlarımıza dəstək göstərməyə çalışırlar. Qısa müddətdə birliyin dəstəyini hiss edirik. Bu çətin vəziyyətdə vətəndaşlarımızın sığınacaq yerinə çevrilmişik.

 

Gücümüz birliyimizdir...

 

 

Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan XİN-in birgə fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan Evi artıq burada yaşayan azərbaycanlıların sığınacaq yerinə çevrilib:

 

"Azərbaycan Evi bir neçə ölkədə fəaliyyət göstərir. O cümlədən biz Macarıstanın Budapeşt şəhərində fəaliyyət göstəririk. Bura artıq Macarıstanda yaşayan azərbaycanlıların doğma evinə çevrilib. İstənilən azərbaycanlının layihəsini, problemini həll etməyə çalışırıq. Eyni zamanda Azərbaycan Evi vətəndaşlarımızın yerli xalqa inteqrasiyası üçün əlindən gələni edir. Həmçinin burada yaşayan azərbaycanlı ailələrin uşaqlarının ana dilimizi unutmaması üçün Azərbaycan dili dərslərini təşkil edirik. Müharibə, pandemiya dövründə bizim Azərbaycan Evləri sığınacaq evlərinə çevrilib. Bununla bərəbər hazırda məlum müharibə dövründə də Azərbaycan Evləri Ukraynada olan diaspor təşkilatları, digər ölkələrdə olan Azərbaycan Evləri ilə birgə fəaliyyət göstərir. Ukraynadan Macarıstana keçən azərbaycanlıların burada rahat yerləşməsinə, Azərbaycana təxliyə olunmasına dəstək göstəririk. Bu işdə bizə burada yaşayan azərbaycanlılar, tələbələr, könüllülər kömək göstərir. Eyni zamanda Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, səfirliyimizlə birgə işlər görülür".

 

 

Azərbaycanlılar bir yumruq kimi birləşib...

 

Ukrayna Azərbaycanlıları Radasının (UAR) icraçı direktoru Ceyhun Məmmədov bildirib ki, Ukraynadakı müharibə bir daha birliyimizi sübut etdi:

 

“Kiyevdə vəziyyət ağırdır. Azərbaycan xalqı da Ukrayna vətəndaşları kimi müharibənin acısını görür. Amma burada yaşayanların ümidləri bizlərik. Mən burada qalmışam. Azərbaycanlıların təxliyəsi məsələsini həll etmək üçün əlimizdən gələni edirik. Ukraynanın bir neçə şəhərindən təxliyəni həll etmək üçün birləşmişik. Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi ilə 24 saat əlaqədəyik. Azərbaycan tərəfinin birliyi nəticəsində bu gün bu işlər görülür.

 

Həyata keçirilən işlər təkcə bir qurumun və ya təşkilatın görə biləcəyi bir şey deyil. Biz koordinasiya nəticəsində vətəndaşlarımızı müharibə bölgəsindən uzaqlaşdıra bilirik. Buradan təxliyə olunan vətandaşlarımızı getdikləri ölkələrdə səfirliklərimizin nümayəndələri qarşılayır, onlara lazımi köməklik göstərilir. Qonşu ölkələrə keçən vətəndaşlarımız üçün həmin gün uçuş olmur. Bu zaman vətəndaşlarımız Diaspor Komitəsinin təşkil etdiyi Azərbaycan Evlərinə sığınır. Bu ölkələrdə olan təşkilatlar birgə fəaliyyət göstərir.

 

Dünya azərbaycanlılarının həmrəylik nümayişi

 

Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunun üzvü Naqif Həmzəyev də dünya azərbaycanlılarının birliyinin rəğbətlə qarşılandığını vurğulayıb. Deputat xatırladıb ki, Ukraynada vəziyyət gərgin olaraq qalır:

 

"Müharibə gedən ölkədə kifayət qədər azərbaycanlı yaşayırdı. İstər Ukrayna vətəndaşı olan azərbaycanlılar, istərsə də orda işləyən, yaşayan vətəndaşlarımız müharibədən əziyyət çəkiblər. Çox sayda azərbaycanlı var ki, onların ölkəmizə təxliyə olunması üçün həm Xarici İşlər Nazirliyi, həm Diasporla İş üzrə Dövlət Komitəsi və yerli diaspor təşkilatları birlikdə fəaliyyət göstərirlər. Ukrayna ilə yanaşı Ukraynaya qoşun ölkələrdə fəaliyyət göstərən diasporumuz, Azərbaycan evləri də həmrəylik göstərirlər.

 

Şükürlər olsun ki, son 8 gün ərzində çox sayda soydaşımız təxliyə olunub, Türkiyə üzərindən ölkəyə gətiriliblər. Bəziləri isə birbaşa çarter reysləri ilə vətənə qayıdıblar.

 

Bütün bu hadisələr zamanı biz azərbaycanlıların birliyinin, həmrəyliyinin bir daha şahidi olduq. Çox sevindirici haldır ki, bizim orada olan soydaşlarımız tək azərbaycanlılara deyil, bütün soydaşlarımıza kömək əli uzadır. Ən əsası odur ki, vətəndaşlarımız bir-birinin arxasındadır. Cənab Prezidentimizin birbaşa göstərişi və nəzarətilə XİN və Diasporla İş üzrə Dövlət Komitəsi uğurlu iş həyata keçirir. Bununla yanaşı münaqişə zamanı ziyan çəkənlər, həyatını itirənlər var. Allahdan onlara rəhmət diləyirik. Ümid edirik ki, Ukraynada tezliklə sülh bərqərar olacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu