Bu gün 2012-ci ilin yekununa və 2013-cü ildə görüləcək işlərə dair Vergilər Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən vergilər nazirinin birinci müavini, üçüncü dərəcəli dövlət vergi xidmətinin müşaviri Natiq Əmirov bildirib ki, 2012-ci il ərzində nazirlik tərəfindən dövlət büdcəsində 6 milyard 25,4 milyon manat vəsaitin ödənilməsi ilə təmin olunub. Bu da 2011-ci illə müqayisədə, 553,5 milyon manat və ya 10,1% çoxdur.
“Daxil olan vergilərin 4 milyard 330,2 milyon manatı və ya 71,9%-i qeyri-dövlət sektorunun payına düşür. Qeyri-dövlət sektorundan vergi daxil olmalarının həcmi əvvəlki illərə nisbətən 512,6 milyon manat və 13,4% artıb. Qeyri-neft sektorundan daxil olmalar isə 3 milyard 286,5 milyon manat təşkil etməklə, 2011-ci ilə nisbətən 415,7 milyon manat və ya 14,5% artıb. 2012-ci ildə vergi sistemində həyata keçirilən islahatlar davam etdirilib”.
Vergi Məcəlləsinin 65 maddəsinə 135 bənd üzrə, 176 əlavə və dəyişikliklərin edildiyini vurğulayan nazir müavini dəyişikliklərə əsasən, vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, vergi ödəyicilərinin mənafeyinin qorunması, vergiyə nəzarətin təkmilləşdirilməsi ilə bağlı məsələləri əhatə etdiyini bildirib. Qeyd olunub ki, bunlar Vergi Məcəlləsində son illər ərzində edilmiş ən böyük dəyişikliklərdir və əsas hissəsini vergi ödəyicilərinə və vətəndaşlara müxtəlif vergi güzəştlərinin verilməsi, sahibkarlıq rüsumun yaxşılaşdırılması, ölkəmizə investisiya cəlb edilməsinin artırılmasına xidmət edən tədbirlər təşkil edir.
"Binə" və "Sədərək" ticarət mərkəzlərinin sahibləri bu il ərzində hər iki mərkəzdə işləyən sahibkarlardan vergi tutulması ilə bağlı bütün məsələləri həll etməlidirlər"-deyə Natiq Əmirov mətbuat konfransında deyib.
"Ötən il bu ticarət mərkəzlərinin sahibləri ilə görüşlər keçirdik və onlara bu məsələlərin həll edilməsi üçün daha bir il verdik. Orada işləyən bəzi sahibkarlar hesab edirlər ki, onların ödəməli olduqları vergilər obyektin icarə dəyərinə daxildir. Bu, qanunsuzdur və daha çox sahibkarların günahıdır. Sahibkarlar onlara vergiqoyma məsələlərini yaxşı izah etməyiblər", - deyə Əmirov qeyd edib.
Onun sözlərinə görə, bu ticarət mərkəzlərində kassa aparatlarının quraşdırılmasına ötən il başlanıb, mərkəzlərin ərazisində nazirliyin servis məntəqələri işləyir.
Nazir müavini qeyd edib ki, 2013-cü ildə bütün topdansatış məntəqələrində kassa aparatlarının quraşdırılması prosesi başa çatacaq.
Nazirliyin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev də Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri barədə ətraflı məlumat verib:
“Məcəlləyə edilmiş dəyişikliklər sırasında diqqət çəkən məqamlardan biri büdcəyə ödənilməli olan əlavə dəyər vergisinin təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə vergi ödəyicilərinin kassasına və hesablaşma hesabına daxil olmuş məbləğlərdən hesablanmasının nəzərdə tutulmasıdır. Əsas vəsaitlərə aid edilən aktivlər dəyərinin 100 manatdan 500 manatadək artırılması, uçot hesab işlərinin aparılmasının daha da sadələşdirilməsinə daha da müsbət təsir göstərəcək. Eyni zamanda, dəyəri 500 manatdan aşağı olan aktivlərin, xərclərin silinməsinə imkan verəcək. Bu isə vergi ödəyicilərinin əlavə dövriyə vəsaitinin əldə edilməsinin, investisiya fəaliyyəti üçün əlavə imkanların yaradılması, pensiya imkanları üçün əlavə vəsaitin yaradılmasına şərait yaradacaq. Daha bir dəyişiklik fiziki şəxslərin aylıq gəlirlərinə və qeyri sahibkarlıq fəaliyyətinə illik gəlirlərinə tətbiq edilən gəlir vergisinin maksimal dərəcəsinin 30%-dən 25%-dək endirilməsi, fiziki şəxslərin 14% dərəcə ilə gəlir vergisinin cəlb edilən aylıq gəlirlərinin 2000 manatdan 2500 manatadək artırılması, fiziki şəxslərin qeyri sahibkarlıq fəaliyyəti ilə gəlirlərinin 14% gəlir vergisi ilə cəlb edilən 24 min manatdan 30 min manata qaldırılmasıdır. Bu dəyişiklik muzda işləyən fiziki şəxslərə ödənişlərin əmək haqqı şəklində leqallaşdırılmasına, əhalinin gəlirlərinin artırılmasına , sosial müdafiənin gücləndirilməsinə xidmət edir. Gəlir vergisi qanunvericiliyində müəyyən edilmiş dəyişikliklər var. Sosial vəziyyətdən asılı olaraq fiziki şəxslərin müxtəlif kateqoriyaların aylıq gəlirlərinin vergi xidmətlərinə müvafiq olaraq, 100 manatdan 200 manatadək, 55 manatdan 100 manata, 20 manatdan 50 manatadək artırılıb”.
Gültəkin Ələsgər