Türkiyə Antalyada keçiriləcək diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın görüşünü təşkil etmək istəyir.
Modern.az xəbər verir ki, bu barədə cümə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Türkiyə hər iki tərəflə dialoq qurmağa qadir olan nadir ölkələrdən biridir. Hələ müharibə başlamazdan əvvəl biz hər iki xarici işlər nazirini Antalyada diplomatik forumda bir araya gətirməyi planlaşdırırdıq, lakin bu, müharibədən əvvəl idi. Biz Ukrayna və Rusiya tərəflərini nazirlər səviyyəsində bir araya gətirmək istəyirik. Lavrov dünən diplomatik forumda iştirakını təsdiqlədi, lakin mən bilmirəm ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bu şərtlərlə gələ bilər, ya yox”, - deyə Çavuşoğlu bildirib.
Xatırladaq ki, Antalyada keçiriləcək diplomatik forum martın 11-13-nə planlaşdırılır.