Bu gün RATİ-nin ofisində “Binə” Ticarət Mərkəzində keçirilən aksiyada tutulanların işi ilə bağlı mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, konfransda hüquq müdafiəçisi Vidadi İsgəndərli, vəkil Xalid Bağırov, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və digər şəxslər iştirak edib.
Vəkil Xalid Bağırov 19 yanvar hadisəsində tutulanların 82 nəfərinin Qaradağ Rayon Polis Şöbəsinə, 14 nəfərin isə Qaradağ rayon 10-cu polis bölməsinə aparıldığını deyib. Onların müdafiəsi üçün özü və vəkillər Fariz Namazov, Cavad Cavadov oraya gediblər. “Bu işlə bağlı digər vəkillərdə zəng edib zərurət olduğu halda qoşulacaqlarını dedilər. Lakin zərurət olmadığı üçün onlar gəlmədi. Biz orada etiraz edən sosial bir qrupla üzləşdik. Belə ki, son 5 ildə bu səviyyə qalxmayacaq çıxışlar 12 dəfə olub. Onlar da hədə-qorxu ilə yatırılıb. Buna səbəb “Binə”də satıcılara qarşı haqsızlıqdır. Ticarət Mərkəzində 30 minə yaxın adam işləyir. Rusiya və digər xarici ölkələrdən gəlib oradan ayda bir dəfə mal aparırlar”.
X. Bağırovun sözlərinə görə, həmin obyektlər Xəzər rayonu ərazisində olan zaman insanlar onları pulla satın alıblar. Köhnə ticarət mərkəzi söküləndən sonra obyekt sahiblərinə söz verilib ki, indiki ərazidə onlara pulsuz yer veriləcək.
“Sonra isə həmin yerlər obyekt sahiblərinə satılıb. Bir növ, onlar öz obyektlərinin icarədarlarıdır. Orada obyektlər paylanan zaman dələduzluq olub. Obyektlər onlara 15-20 min manata satılıb. Orada icarə haqqı 1500-3000 manat arasında dəyişir. Sonuncu dəfə 1500 manatlıq obyektlərin icarə haqqını 500 manata yaxın qaldırmaq istəyiblər. Bu, iqtisadiyyatın qeyri-neft sektoruna vurulan zərbədir və gələcəkdə fəsadlar yarada bilər”. X.Bağırov həbs olunanlardan birinin vəkil Cavad Cavadov tərəfindən müdafiə olunacağını deyib. “Adamların bir qisminə dövlət tərəfindən vəkil veriləcək”.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı həbs olunanlara gənclərin aksiyasında tutulanlar kimi dəstək verilməsini təklif edib. O bildirib ki, tutulanların özlərinə və ailələrinə dəstək lazımdır. “Həbs olunanlar üçün Müdafiə Komitəsinin yaradılması vacibdir. O insanlar siyasi məhbus kimi qeydə alınsın”.
Hüquq müdafiəçisi Vidadi İsgəndərli bu təklifi dəstəkləyib. “Gənclərdən, hüquq müdafiəçilərindən və ziyalılardan ibarət komitə yaradaq. Bu yaxınlarda bu məsələ ilə bağlı görüş keçirmək yaxşı olardı”.
Anar Kəlbiyev