Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisi də daxil olmaqla Avropanın 7 şəhərinə müraciət ünvanlayıb.
Modern.az xəbər verir ki, müraciət Gürcüstan parlamentinin binası qarşısında quraşdırılmış monitorlarda telekörpü vasitəsilə yayımlanıb.
Zelenski çıxışının ilk dəqiqəsini Ukraynanın müdafiəsi uğrunda həlak olanların, ikinci dəqiqəsini isə ölən mülki şəxslərin xatirəsinin sükutla yad edilməsinə həsr edib.
O bildirib ki, Ukrayna məğlub olarsa, Avropa da süquta uğrayacaq. Zelenski Avropanı səssiz qalmamağa, Ukraynaya dəstək verməyə çağırıb:
“Gözlərinizi yummayın, gəlin və mübarizəmizə bacardığınız qədər dəstək olun. Əminəm ki, Ukrayna qələbə qazanacaq. Bu qələbə bütün demokratik dünyanın, bizim azadlığımızın, işığın zülmət üzərində zəfəri olacaq. Vilnüs, Frankfurt, Tbilisi, Bratislava, Praqa, Leon, Paris, bu gün siz hamınız ukraynalısınız!”.