“Cənubi Qafqazda yeni media platforması gerçəkləşdiriləcək”.
Bunu Qlobal Jurnalistlər Birliyinin (GJC) Gürcüstan təmsilçisi, “News Day Georgiya” Media Agentliyinin rəhbəri Avtandil Otinaşvili Modern.az-a açıqlamasında bildirib.
O, qeyd edib ki, bu barədə bir neçə gün öncə GJC-nin dəvətiylə Türkiyədə səfərdə olarkən bu qurumun xarici media məclisinin sədri Elşad Eyvazlı ilə müzakirələr aparıb.
“Hesab etdik ki, regionumuzda uzun müddətli əməkdaşlıq, inkşaf üçün eyni zamanda medianın da koordinasiyalı şəkildə fəaliyyəti vacibdir. Dünyanın indiki vaxtında jurnalistlərin birgə fəaliyyəti, “müharibələrə yox” deməsi, həqiqətləri ortaya qoyması üçün Qafqazda da jurnalistlərin birliyi vacibdir”.
Gürcü jurnalist ona görə də Cənubi Qafqazda ortaq media platformasının yaradılmasını vacib saydıqlarını deyib: “Biz birlikdə Qafqaz üçün çox şey edə bilərik. Mən bu fikri hər kəsə isbat edə bilərəm. Regionda media əməkdaşlığı üçün bu, yaxşı addımdır. Bununla Qafqazda dinc əməkdaşlıq üçün biz jurnalistlər də ciddi qatqı vermiş olarıq.
Bunun üçün ilk növbədə həmfikir insanları tapmaq lazımdır. Çünki bu, çətin prosesdi, eyni fikirli insanların olması daha uzunömürlü əməkdaşlığa şərait yaradacaq. Daha sonra isə ortaq veb sayt yaratmaq lazımdır. Cənubi Qafqazda əməkdaşlıq üçün Ermənistandan əmin deyiləm, mən onları tanıyıram. Əksinə, Qarabağ məsələsini daha da qabardacaqlar. Amma Qafqazda sülh, əməkdaşlıq üçün buna məcbur ola bilərlər. Biz məsələ ilə bağlı Ankarada toplaşacağıq”.