Modern.az

Rüstəm İbrahimbəyovun vəkili Modern.az-a telefon açdı: “İş məhkəmədədir” - AÇIQLAMA

Rüstəm İbrahimbəyovun vəkili Modern.az-a telefon açdı: “İş məhkəmədədir” - AÇIQLAMA

22 Yanvar 2013, 18:46

Azərbaycan Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyovla Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov arasında başlanmış məhkəmə işi ilə bağlı vəkili Fuad Ağayev Modern.az-a telefon açıb. Vəkil Rüstəm İbrahimbəyovun Əli Həsənova qarşı qaldırdığı məhkəmə iddiasının təfərrüatlarını əməkdaşımıza açıqlayıb.
Onun sözlərinə görə, ötən ilin avqust ayından başlanan iddiaya dünən Ali Məhkəmənin Mülkü Kollegiyasında baxıldıqdan sonra yenidən Apellyasiya Məhkəməsinə göndərilib. 

Vəkilin sözlərinə görə, Ali Məhkəmənin Mülkü Kollegiyası Rüstəm İbrahimbəyovun Əli Həsənova qarşı şərəf və ləyaqətinin müdafiəsi haqqında iddia ərizəsi ilə bağlı kassasiya şikayətinə baxıb.

“Avqust ayında Əli Həsənovun kütləvi informasiya vasitələrində yaydığı məlumatla bağlı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdik. Səbail rayon Məhkəməsi iddia ərizəsini geri qaytarmışdı. Bizə verilən qərardadda qeyd olunmuşdu ki, biz sənədə Əli Həsənovun ünvanı barədə arayiş əlavə eləməliyik. Biz də apellyasiya şikayət verdik ki, belə bir arayışa ehtiyac yoxdur. Qanunvericilikdə belə bir tələb yoxdur. Qanunvericilik tələbi ancaq ondan ibarətdir ki, cavabdehin ünvanını biz göstərək. Biz də cavabdehin ünvanını göstərmişik. Apellyasiya şikayətimiz də təmin olunmayandan sonra biz kassasiya şikayəti verdik”. F.Ağayevin sözlərinə görə, Ali Məhkəmədə çıxışı zamanı bildirib ki, qanunvericiliyin tələbləri hamı üçün eyni olmalıdır.

“Kimlərəsə qanundan irəli gəlməyən tələblər qoyula bilməz. O cümlədən hansısa arayişin əlavə edilməsi barədə tələb əssasızdır. Ali Məhkəmənin Kollegiyası müşavirədən sonra elan etdi ki, kassasiya şikayətimiz qismən təmin olunur və materiallar Apellyasiya Məhkəməsinə  qaytarıldı. Məsələ son olaraq bu yerdədir”-deyən vəklini sözlərinə görə, prosesi Avropa Məhkəməsinə də çıxara bilərlər.

“Düzdür, Ali Məhkəmənin yazılı qərarını biz görməmişik. Ali Məhkəmə də bizim dəlillərlə qismən razılaşdı. Ehtiyac olarsa, Avropa Məhkəməsinə də müraciət edəcəyik”, -deyə vəkil Fuad Ağayev bildirib.

Anar RÜSTƏMOV  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi