Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilir. Bizim qadınlar hər cür təbrikə, ən böyük sevgiyə layiqdirlər. Qadınlar cəmiyyətin çox dəyərli, əvəzedilməz nümayəndələridir. Tarixin bütün dövrlərində cəmiyyətdə qadının tutduğu mövqe mühüm məsələlərdən biri olub. Qadınlar tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıblar.
Milli dövlət quruculuğunun ən müxtəlif sahələrində böyük xidmətlər göstərən qadınlarımız, eyni zamanda, ictimai-siyasi proseslərin fəal iştirakçılarıdır. Azərbaycanda qadınlar həmişə özlərini sözün həqiqi mənasında cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss ediblər. Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin tərkib hissəsidir.
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Azərbaycanın qədim tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verib. Orta əsrlərdən Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib.
Bu gün ölkəmizdə dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Möhtərəm Prezidentimiz qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.
Öz nəcib təşəbbüsləri və humanistliyi ilə insanlara xoşbəxtlik və sevinc bəxş edən hörmətli Mehriban xanım Əliyeva Azərbaycan dövlətinin xarici və daxili siyasətinə layiqli töhfələr verir. Mehriban xanım Əliyevanın istər ölkə daxilində istərsədə ölkə xaricində artan nüfuzunun arxasında yüksək mənəvi və işgüzar keyfiyyətləri dayanır.Birinci vitse-prezident Mehriban xanım Əliyeva həm də beynəlxalq arenada böyük nüfuz qazanan ictimai-siyasi xadimdir. Ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarının, dünyanın məşhur siyasətçilərinin Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşlərdə ona dərin hörmət bəslədiklərini açıq-aydın görə bilərik. Bunun da ilk növbədə başlıca səbəbi odur ki, Birinci vitse-prezident Azərbaycanın qlobal əməkdaşlığın dərinləşməsində rolunu daim artırmağa səy göstərir, xalqımızın zəngin ənənələrinə əsaslanaraq Yer üzündə tolerantlıq, birgəyaşayış, sülh ideyalarının təbliğinə çalışır.
Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Belə ki, Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə, təhsil və mədəniyyət ön sıralardadır. Eləcə də, dövlət idarəetmə strukturlarında, seçkili orqanlarda, yerli özünüidarəetmə qurumlarında da qadınların təmsilçiliyi artmaqdadır.
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir.
Biz COVİD-19 pandemiyası, 44 günlük Vətən müharibəsində qadınlarımızın cəsarətinə bir daha şahid olduq. Hər bir qadınımız müasir qəhrəmanlıq tarixinə yeni nümunələr gətirdi, Azərbaycan qadının igidliyi, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Bu bizim tarixən tanınmış qadınlarımızın yeni təcəssümüdür. Şəhid bacımız Arəstə ilə, övladının, həyat yoldaşının cənazəsini öz çiynində son mənzilə yola salan ana - bacılarımızla qürur duyuruq!
Azərbaycan qadınının qazandığı nailiyyətlər bu gün qadın fəallığı ənənələrini yaşadır, məsuliyyəti artırır, gələcək nəsillər üçün davamlı inkişafa yol açır.
Aynurə Novruzova
Naftalan şəhər sakini