Modern.az

“Mərkəzi Seçki Komissiyasının qurulması prinsipinə yenidən baxılmalıdır” - ŞƏRH

“Mərkəzi Seçki Komissiyasının qurulması prinsipinə yenidən baxılmalıdır” - ŞƏRH

23 Yanvar 2013, 12:05

“Seçki Məcəlləsində dəyişikliklərə ehtiyac var. Mərkəzi Seçki Komissiyasının qurulması prinsipinə yenidən baxılmalıdır. Həmçinin ATƏT-in Venesiya Komissiyası ilə əməkdaşlıq genişləndirilməlidir”.  Bu sözləri  Modern.az-a açıqlamasında politoloq  Qabil Hüseynli AŞPA-nın qış sessiyasında bu gün Azərbaycanın ünvanına  səsləndirilən tənqidləri şərh edərkən deyib. 

Politoloqun sözlərinə görə, Azərbaycan Avropa Şurasına daxil olarkən öz üzərinə müəyyən öhdəliklər götürüb. Buraya əsasən azad, şəffaf, demokratik seçkilərin keçirilməsi daxildir. Bu istiqamətdə müəyyən müsbət addımlar atılıb.   Q. Hüseynli qeyd edib ki, müəyyən nəticələr əldə olunsa da, görüləsi işlər çoxdur. Eyni zamanda Avropa Şurasının tənqidlərinin və iradlarının sadəcə tövsiyə və məsləhət xarakteri daşıdığını qeyd edən politoloqun fikrincə, Azərbaycan bunların bir qisminin dəyişdirilməsi istiqamətində siyasət yürütməlidir.


“Məntəqələrə veb-kameraların quraşdırılması, seçkilərə beynəlxalq müşahidəçilərin cəlb edilməsi və s. bu kimi demokratik dəyişikliklər müsbət haldır. Amma hələ görüləsi işlər də çoxdur”.    

AŞPA-nın tənqidləri ölkələrdə demokratiyanın inkişafı üçün tövsiyə və məsləhət xarakteri daşıdığını vurğulayan Q. Hüseynlinin fikrincə, həmin iradların nəzərə alınması Azərbaycanda demokratik cəmiyyətin təkmilləşdirilməsi işinə töhfə verə bilər.

“Bununla yanaşı deyə bilərəm ki, Azərbaycanın bu məsələləri nəzərə almaması öz daxili problemidir. Azərbaycan islahatlara hazırlaşır. Yəqin ki, dövlətimiz AŞPA-nın müəyyən tənqidi qeydlərini nəzərə alacaq və öz maraqlarına uyğun addımlar atmağa çalışacaq”.   

Aqşin Kərimov
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı