Şöbə müdiri hərbi hazırlıq fənni ilə bağlı iradları qəbul etmir.
Orta məktəblərdə hərbi hazırlıq fənninin tədrisi yenidən gündəmdədir. Təhsil Nazirliyinin nümayəndəsi bu fənn üzrə tədrisin aşağı səviyyədə olması barədə ittihamları qəbul etmir.
Nazirliyin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov
Modern.az-a bildirib ki, hərbi sahədə orta məktəb şagirdlərinə bilik və bacarıqlarının verilməməsi kimi səslənən fikirlər doğru deyil.
“Azərbaycanda o qədər məktəb var ki. Hansında hərbi dərs keçirilmir? Dövlət proqramı çərçivəsində yerli şəraitə uyğun olaraq hərbi hazırlıq dərsi keçirilir. Elə məktəb var ki, hərbi hazırlıq dərsləri keçmək üçün maddi bazası güclüdür. Elə məktəb də var ki, müqayisədə zəifdir”.
A. Əhmədov qeyd edib ki, hərbi hazırlıqla bağlı proqram var və o, həyata keçirilir.
“İslahatlar çərçivəsində bütün fənləri, o cümlədən çağırışaqədərki hərbi hazırlıq proqramını yenidən işləmişik. Proqramda müəyyən standartlar qoyulub ki, uşaqlar psixoloji cəhətdən ordu sıralarında xidmət baxımından bacarıqlar əldə etsinlər. Bu proqram mütəxəssislər tərəfindən hazırlanıb, çox da praktik əhəmiyyətə malikdir. Zamanı çatanda tədris olunacaq. Bu spesifik bir fəndir. Bunun xüsusi proqramı var, bu proqramdan kənara çıxmaq mümkün deyil”.
A.Əhmədov əlavə edib ki, hərbi dərslərdə şagirdlərə praktik ləvazimatlar da verilməyəcək: “Hərbi dərslərdə istifadə üçün şagirdlərə praktik ləvazimatlar verilməyəcək, dərslərdə hərbi nəzəriyyə öyrədilir”.
Nihadə Eyyubova